“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Naminə” İttifaq siyasi məhbusların yeni siyahısını dərc edib. Siyahıya görə, bu il sentyabrın 23-dən dekabrın 12-dək Azərbaycanda siyasi məhbusların sayı 17 nəfər artaraq 331 nəfər çatıb. Belə ki, sentyabrın 23-də 319 nəfərin adı siyashıya daxil edilib. İndiyədək onlardan 5 nəfəri həbsdən azadlığa buraxılıb, daha 17 nəfər həbs edilib.
Yeni həbs edilənlərin əksəriyyəti “Meydan TV” internet nəşrinin əməkdaşları, digər media işçiləri, hüquq müdafiəçisi Rüfət Səfərov, politoloq Azər Qasımlı və dindarlardır.
“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Naminə” İttifaqın məlumatında deyilir ki, siyahıya 12 dekabr tarixinədək haqqında etibarlı məlumat toplamaq mümkün olan siyasi səbəblərə görə həbs edilmiş və məhkum edilmiş bütün şəxslər daxil edilib.
“Siyasi məhbusların siyahısı mütəmadi olaraq yeni həbslər və məhkumluqlarla yenilənəcək. Rejim repressiyaları davam etdirir”, məlumatda qeyd edilir.
Yeni siyahı 11 qrupdan ibarətdir və 331 nəfəri əhatə edir: “Jurnalistlər və blogerlər – 25 nəfər, hüquq müdafiəçiləri – 4 nəfər, müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin üzvləri – 30 nəfər, milli azlıqların fəalları – 3 nəfər, müharibə əleyhinə fəallar – 2 nəfər, Söyüdlü kəndində iş üzrə – 2 nəfər, Almaniyadan deportasiya edilmiş siyasi mühacirlər – 5 nəfər, dindarlar – 233 nəfər, Tərtər işi üzrə məhkumlar – 4 nəfər, Gəncə işi üzrə məhkumlar – 12 nəfər, ömürlük həbs cəzası çəkənlər – 11 nəfərdir”.
Siyahı keçmiş siyasi məhbus hesab edilən şəxslər, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və “Siyasi Məhbusların Monitorinqi Mərkəzi” İctimai Birliyinin rəhbəri Elşən Həsənov tərəfindən hazırlanıb.
Müəlliflər bildirir ki, siyahı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2012-ci lin oktyabrında keçirilən sessiyasında qəbul edilmiş 1900 nömrəli müvafiq qətnamədə müəyyən edilmiş “siyasi məhbus” anlayışının müəyyənləşdirilməsi meyarlarına əsasən tərtib edilib.
Çoxsaylı beynəlxalq təşkilatlar, həmçinin Avropa Parlamenti, ABŞ Dövlət Departamenti haqsız yerə həbsdə olanların azad edilməsi ilə bağlı Azərbaycan hakimiyyətinə müraciətlər edib.
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken isə dekabrın 11-də Azərbaycan hökumətini insan hüquqlarını müdafiə etdiklərinə görə haqsız yerə həbs edilənləri azad etməyə çağıran bəyanatla çıxış edib.
Amerikanın Səsi