Noyabrın 25-də Bakı Apellyasiya Məhkəməsi keçmiş diplomat Emin İbrahimov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin daha 2 ay uzadılması ilə bağlı müdafiə tərəfinin apellyasiya şikayətini təmin etməyib.
Vəkil deyib ki, bu qərar əsassızdır, çünki Emin brahimov heç bir cinayət törətməyib. Onun sözlərinə görə, kiməsə bıçaqla xəsarət yetirməsi haqda ittiham həqiqətə uyğun deyil. Bıçaqlandığı iddia edilən şəxs də dəfələrlə üzləşməyə çağırılıb, amma gəlməyib.
Məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Məhkəmədə iştirak edən Emin İbrahimov həbsini ölkədəki repressiyaların tərkib hissəsi saydığını bildirib.
Şərlənərək həbs olunduğunu vurğulayan keçmiş diplomat hesab edir ki, Azərbaycandakı korrupsiyanı, diktaturanı və Rusiyanın maraqlarına xidmət edən siyasəti açıq şəkildə tənqid etdiyinə görə cəzalandırılıb.
İbrahimovun özü hakimlərdən ədalətli qərar gözləntisi olmadığını deyib.
İyulun 24-də saxlanılan Emin İbrahimov Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağır zərər vurmaq) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham olunur.
Vəkilin sözlərinə görə, Emin İbrahimovun iyulun 22-də Kamal Şükürov adlı Qaraçuxur qəsəbəsinin sakininə bıçaqla xəsarət yetirdiyi iddia olunur.
Nizami Rayon Məhkəməsi Emin İbrahimov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
İbrahimov 2002-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib. 2005-ci ildə Ankara Universitetindən Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr dərəcəsi alıb. 2009-cu ildə NATO Müdafiə Kollecinin Ali Kursunu bitirib. 2007-2020-ci illərdə Azərbaycan Respublikasının diplomatik xidmətində olub. 2012-2016-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyində, 2016-2019-cu illərdə Azərbaycan Respublikasının Uruqvaydakı Diplomatik Nümayəndəliyində işləyib.
Emin İbrahimov 2020-ci il martın 13-də ölkədə seçki hüququnun və azadlıqların boğulmasına etiraz olaraq Xarici İşlər Nazirliyinə istefa ərizəsi yazıb və diplomatik fəaliyyətdən istefa verib.
Azərbaycanda son illər bir neçə siyasi fəal kiməsə bıçaqla xəsarət yetirməkdə ittiham edilərək həbs olunsalar da, onlar bu ittihamı qəbul etmirlər. Fəallar məhkəmədə bildiriblər ki, həmin şəxslər əvvəldən öyrədilmiş ssenari üzrə özlərinə xəsarət yetirərək, bıçaqlanmaları görüntüsünü yaradıblar.
Bu cür ittihamla həbsdə olanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Aqil Hümbətov, Zamin Salayev, Almaniyada Azərbaycan hökuməti əleyhinə etiraz aksiyalarında iştirak etmiş və Almaniyadan readmissiya olunandan sonra həbs olunmuş Samir Aşurov, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin sədri Afiəddin Məmmədov da var.
Azərbaycan hakimiyyəti isə heç kimin siyasi baxışlarına görə təqib edilmədiyini, həbs olunanların konkret cinayət əməlinə görə ittiham olunduqlarını bildirir.
Amerikanın Səsi