Həbsdə olan jurnalist Elnarə Qasımova barəsində seçilmiş həbs qətimkan tədbiri bir daha uzadılıb

tərəfindən Gozetci

Elnarə Qasımova

Noyabrın 7-də “Abzas Media işi” üzrə həbs olunan jurnalist Elnarə Qasımova barəsində seçilmiş həbs qətimkan tədbiri 1 ay 7 gün uzadılıb.

Vəkil Günay İsmayılovanın sözlərinə görə, qərar Xətai Rayon Məhkəməsi tərəfindən çıxarılıb, məhkəmə isə onlayn qaydada keçirilib.

Müdafiə tərəfi onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib, lakin məhkəmə vəsatəti təmin etməyib.

Jurnalist Elnarə Qasımova bu ilin yanvarında həbs edildikdən sonra barəsində seçilmiş həbs qətimkan tədbiri dəfələrlə uzadılıb.

“Abzas Media” işi ilə bağlı nə baş verib?

“Abzas Media” ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli ötən ilin noyabrın 20-də həbs olunub.

İstintaqın həmin gün onun evində və “Abzas Media”nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub.

Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.

Mayın 30-da isə “Abzas Media” işi üzrə iqtisadçı və “Azadlıq Radiosu”nun jurnalisti Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və “Abzas Media” ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.

Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.

Bu ilin avqust ayında isə “Abzas Media işi” üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.

Sentyabrın 9-da “Abzas Media işi” üzrə həbsdə olan şəxslərin ibtidai istintaqının yekunlaşdırıldığı bildirilir.

“İndi bütün təqsirləndirilən şəxslər və onların vəkilləri ayrı-ayrılıqda istintaq materialları ilə tanış olacaq. Daha sonra iş baxılması üçün məhkəməyə göndəriləcək”, vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib.

Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.

Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az