Deputatlığa namizəd Vəfa Nağıyevə Neftçalada saxlandıqdan 4 saat sonra Bakıda sərbəst buraxılıb

tərəfindən Gozetci

Deputatlığa namizəd Vəfə Nağıyevə Neftçala Dairə Seçki Komissiyası önündə etiraz aksiyası keçirərkən.

Neftçalada təxminən 19:00 radələrində saxlanılan Vəfa Nağıyeva, Seymur Abbas və Şəhla Kərimli təxminən 23:00 radələrində Bakıda sərbəst buraxılıblar. Mülki geyimli polislər onları Neftçaladan Bakının Əhmədli ərazisinə gətiriblər. Bu barədə Vəfa Nağıyevanın özü məlumat verib.

***

Sentyabrın 6-da Neftçala Dairə Seçki Komissiyası önündə etiraz aksiyası keçirən zaman deputatlığa namizəd Vəfa Nağıyevə polis əməkdaşları tərəfindən saxlanılıb. Nağıyeva ilə bərabər onun vəkili Seymur Abbas və jurnalist Şəhla Kərimli də saxlanılıb.

Saxlanılanların hara aparıldığı məlum deyil. Neftçala Rayon Polis Şöbəsindən saxlanılanların orada olmadığı deyilir.

Vəfa Nağıyevə sentyabrın 6-da Neftçala DSK-sı önündə çadır qurmağa cəhd edib. Deputatlığa namizəd 1 sentyabr parlament seçkilərində pozuntulara etiraz etdiyini, nəticələrin saxtalaşdırıldığını bildirib. O, DSK-dan onun suallarına cavab vermələrini tələb edib.

Vəfa Nağıyeva 70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd olub. Onun seçkidə əsas rəqibi Vətəndaş Həmrəyliyi Partiyasından Tənzilə Rüstəmxanlı idi. İlkin nəticələrə görə MSK Rüstəmxanlını seçkinin qalib elan etsə də, Nağıyeva rəqibinin seçkiləri saxtakarlıq yoluyla udduğunu iddia edir.

Hüquqşünas Səməd Rəhimli Amerikanın Səsinə bildirib ki, qeydə alınmış namizədin hüquqi təminatlarından biri olan toxunulmazlıq təminatı Seçki Məcəlləsinin 70.4-cü maddəsinə əsasən müəyyən edilir. Hüquqşünasın sözlərinə görə, toxunulmazlıq təminatına əsasən qeydə alınmış namizəd kimi Vəfa Nağıyeva seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək müvafiq prokurorun (bu halda Neftçala Rayon Prokuroru) razılığı olmadan namizəd kimi qeydə alındıqdan sonra törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz.

“Qeydə alınmış namizəd cinayət başında yaxalanarsa, tutula bilər. Belə razılıq verildikdə və ya qərar qəbul edildikdə, müvafiq prokuror və ya məhkəmə namizədin qeydə alındığı seçki komissiyasını bu barədə dərhal xəbərdar edir”, deyə Rəhimli qeyd edib.

Hüquqşünas bildirib ki, bu gün Vəfa Nağıyevanın 70 saylı Neftçala Dairə Seçki Komissiyasının qarşısında həmin seçki dairəsində baş verən pozuntulara görə etiraz aksiyası keçirməsi Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsi ilə müəyyən edilmiş sərbəst toplaşmaq azadlığının sferasına aiddir:

“Bu baxımdan seçkilərin nəticələrinə dinc yolla DSK-nın binasının qarşısında etiraz etmək cinayət sayıla bilməz və cinayət törədərkən yaxalanma hesab edilə bilməz. Bu baxımdan Neftçala Rayon Polis Şöbəsi tərəfindən Vəfa Nağıyevanın tutulması ilə bağlı yol verdiyi hərəkətlər qanunsuzdur. Bundan əlavə, Vəfa Nağıyevanın tutulması üçün prokuror razılığı alınıb-alınmadığı da bəlli deyil. Hətta belə razılıq alınmış olsa belə DSK-nın qarşısında etiraz aksiyası keçirmək heç bir halda cinayət əməli yaxud inzibati xəta kimi qiymətləndirilə bilməz”.

Rəhimli qeyd edib ki, hüquq normalarına əsasən Vəfa Nağıyevanın Neftçala Rayon Polis Şöbəsi tərəfindən DSK-nın qarşısında təşkil etdiyi etiraza görə tutulması həm onun qeydə alınmış namizəd kimi Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş toxunulmazlıq təminatıdır pozuntusudur, həm də Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilən sərbəst toplaşmaq azadlığı hüququnun pozuntusu kimi qiymətləndirilməlidir.

“Eləcə də, göstərilənlərə əsasən Vəfa Nağıyevanın seçki üzrə vəkilinin tutulması da hüquqaziddir. Hadisəni işıqlandıran jurnalistin tutulması isə Konstitusiyanın 47-ci və 50-ci maddələri ilə təmin edilən media azadlığı hüququnun pozuntusunu təşkil edir. Burada tutulma dedikdə polis tərəfindən faktiki olaraq saxlanılma başa düşülür. Hətta polis bundan sonra Vəfa Nağıyeva və digərlərini azad etsə belə, artıq onları faktiki olaraq saxlamaqla qeyd edilən hüquq pozuntularına yol verib”, deyə, hüquqşünas bildirib.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az