Həbsxanada 43 gündür aclıq edən Fazil Qasımovun səhhəti kəskin pisləşib

tərəfindən Gozetci

Fazil Qasımovun

1 saylı Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsində saxlanılan İstanbul Universitetinin doktorantı Fazil Qasımovun iyulun 26-na keçən gecə səhhəti kəskin pisləşdiyindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. O, 43 gündür “qanunsuz həbsinə” etiraz olaraq aclıq edir.

“Fazilin vəziyyəti çox ağırdır. O, tam halsızdır, ayaq üstə dura bilmir. Buna baxmayaraq aclığı sonadək davam etdirəcəyini bildirdi. Qardaşım yenə də yalnız su qəbul edir, qida və dərman qəbulundan imtina edir”, onunla iyulun 26-da Müalicə Müəssisəsində görüşündən sonra qardaşı Nazim Qasımov Amerikanın Səsinə deyib.

Bu gün vəkil Rövşanə Rəhimli də Fazil Qasımovla görüşüb. O, Amerikanın Səsinə bildirib ki, bu gün müstəntiq də Fazil Qasımovun yanında olub.

“Cinayət işi ilə bağlı prokurorluğun sualları olduğundan gələn həftə istintaq hərəkətləri aparılacaq. Çox yəqin ki, isintaq hərəkətləri Fazilin işgəncəyə məruz qalması ilə bağlı şikayətimiz əsasında olacaq”, Rəhimli qeyd edib.

Fazil Qasımov vəkilə deyib ki, prokurorluğun ona göndərdiyi cavabda işgəncə faktının təsdiq edilmədiyi yazılıb.

Vəkil bildirib ki, Fazil Qasımov müalicə müəssisəsinə köçürüldükdən sonra ayrıca otaqda saxlanılır.

“Ona hələ tibbi yardım göstərilməyib. Qida qəbul etməsini təklif ediblər, lakin o imtina edib. Bildiriblər ki, qida qəbul etməsə məcburi qidalandıracaqlar. Fazilin hazırda durumu çox ağırdır. O, hədsiz dərəcədə çəki itirib. Böyrəklərində kəskin ağrılar var. Növbətçi həkim dedi ki, sabahdan müayinəyə başlanılacaq”, Rəhimli qeyd edib.

Vəkilin sözlərinə görə, Fazil Qasımovun cinayət işi Qubad İbadoğlunun cinayət işindən ayrı icraata ayrılıb.

“Hazırda Fazil Qasımovun işi ilə bağlı Anar Əliyev adlı şəxs də həbsdədir. O, Qasımova qarşı ifadə verib. Hər iki şəxsin işinə eyni məhkəmə prosesində baxılacaq”, o qeyd edib.

Penitensiar Xidmətin Müalicə Müəssisəindən Fazil Qasmovun sağlamlıq durumu ilə bağlı hələ məlumat almaq mümkün olmayıb.

Fazil Qasımov Qafqaz Universitetini bitirib (2017-ci il yanvarın 16-da fəaliyyətini dayandırıb), sonra Türkiyədə oxuyub, daha sonra İstanbul Universitetinin doktoranturasını bitirib.

Türkiyədə yaşayan Qasımov 2023-cü il avqustun 8-də İstanbulda tutularaq Azərbaycana gətirilib. Fazil Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

O, iqtisad elmləri doktoru Qubad İbadoğlu ilə ünsiyyətinin 2020-ci ilin mart ayında virtual formada yarandığını bildirib.

“Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən həbs edildim”, o əlavə edib.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-nə qədər həbsdə qalıb.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.

İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az