AİHM Məmməd İbrahimin işi üzrə qərarını açıqlayıb

tərəfindən Gozetci

Məmməd İbrahim

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) aprelin 4-də Məmməd İbrahim Azərbaycana qarşı işi üzrə qərarını elan edib.

Məmməd İBRAHİM Azərbaycana qarşı

Bu iş müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olan ərizəçiyə qarşı cinayət işinin açılması ilə bağlı idi. Ərizəçiyə Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsində nəzərdə tutulan əməlin törədilməsində ittiham olunmuşdu. Ali Məhkəmənin 28 sentyabr 2016-cı il tarixli qanuni qüvvəyə minmiş yekun hökmü ilə təqsirli bilinən ərizəçi üç il müddətinə azadlıqdan məhrum edilmişdi.

Ərizəçi AİHM qarşısında Konvensiyanın 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) pozuntusunu mübahisələndirmişdi. O, iddia edirdi ki, barəsindəki hökm əsaslandırılmayıb, icraat zamanı tərəflərin bərabərliyi və çəkişmə prinsipləri pozulub. Ərizəçi həmçinin, müdafiə tərəfinin bütün etirazlarının və vəsatətlərinin rədd edilməsindən, müdafiə tərəfinə ittiham tərəfi ilə bərabər şərait yaradılmamasından şikayət edirdi.

Şikayətin kommunikasiyası zamanı Hökumət təktərəfli bəyannamə təqdim etməklə ərizəçinin iddia etdiyi pozuntuları etiraf edib, Məmməd İbrahimə mənəvi zərərə görə 3,600, xərc və məsrəflərə görə 500 avro ödəməyi təklif edib. Hökumət həmçinin, ərizəçinin kassasiya şikayətinə Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq baxılmasını təmin etmək üçün bütün tədbirləri görmək öhdəliyi götürüb.

Təzminatın məbləğini adekvat qəbul etməyən, onun işinə Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq baxılmasına təminatın olmadığını ifadə edən ərizəçi təktərəfli bəyannaməni qəbul etməsə də AİHM işin araşdırılmasının davam etdirilməsi üçün yetərli əsasların olmadığı qənaətinə gəlib. Məhkəmənin qərardadına görə, hökumət təktərəfli bəyannamədə nəzərdə tutulan təzminat məbləğini əriəzçiyə ödəməli, işə Ali Məhkəmədə yenidən baxılmasını təmin etməlidir.

Ərizəçini AİHM-də hüquqşunas Yalçın İmanov təmsil edib.

Aihmaz.org

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az