Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) martın 6-8-də “Toplum TV” əməkdaşları və təsisçilərinin, həmçinin Demokratik Təşəbüslər İnstitutu və “III Respublika” Platformasının üzvlərinin saxlanmasını və ardınca elan olunan ittihamları Azərbaycanda azad media və müstəqil vətəndaş qurumlarına qarşı hökumətin apardığı siyasi repressiyaların davamı hesab edir.
SMDT xatırladır ki, martın 6-da polislərin “Toplum TV”, Demokratik Təşəbbüslər İnstitutu və “III Respublika” Platformasının ofislərində apardığı axtarışlar məhkəmə qərarları təqdim edilmədən həyata keçirilib. Axtarışlar zamanı orada olan şəxslərin telefonları əllərindən alınıb və bununla da onların vəkil çağırmaq, yaxınlarını məlumatlandırmaq imkanları məhdudlaşıb. “Toplum TV” təmsilçiləri axtarış zamanı redaksiyanın avadanlıqları və komputerlərinin götürüldüyünü, habelə Youtube və İnstaqram səhifələrinə qanunsuz giriş nəticəsində uzun müddət ərzində toplanan videoların silindiyini bəyan ediblər.
SMDT Toplum TV əməkdaşları və təsisçilərinin, həmçinin Demokratik Təşəbbüslər İnstitutu və “III Respublika” Platformasının üzvlərinin həbsi nəticəsində ölkədə siyasi azadlıqların müdafiəsi yönündə böhranın daha da dərinləşdiyini, yaranmış siyasi mühitə görə Azərbaycan hakimiyyəti ilə yanaşı Azərbaycanda insan hüquqlarının müdafiəsində ehtiyatlılıq nümayiş etdirən beynəlxalq quurmların cavabdehlik daşıdğını bəyan edir.
Bəyanatla daha geniş tanış olmaq üçün linkə keçid edin.