Ələsgər Məmmədlinin işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verilib

tərəfindən Gozetci

Ələsgər Məmmədli

Hazırda həbsdə olan və Bakı istintaq təcridxanasında saxlanılan Toplum TV-nin hüquqi təsisçisi, media hüquqları üzrə ekspert Ələsgər Məmmədlinin barəsində 4 ay müddətinə azadlıqdan məhrum edilməsi haqqında qərarını qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verilib.

Bu barədə Amerikanın Səsinə onun qardaşı Nəsimi Məmmədli bildirib.

“Ələsgər Məmmədli qətimkan tədbirinin ev dustalığı ilə əvəz olunmasını tələb edir, belə ki, həbsdə olması onda aşkar olunmuş şişlərin təhlükəlilik dərəcəsinin müəyyən edilməsi məqsədilə həkimlərin tövsiyə etdiyi müayinələri tamamlamasına imkan vermir”, Nəsimi Məmmədli qeyd edib.

Onun sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsinə təqsirləndirilən şəxsin ağır xəstəliyi ilə əlaqədar işə təcili baxılmasını nəzərdə tutan 39-cu (Məhkəmə Reqlamentinin 39-cu Qaydasına görə, məhkəmə müvəqqəti tədbirlər təyin edə bilər -red.) maddəyə uyğun olaraq şikayət verilib.

Analoji olaraq ötən ilin sentyabrın 20-də Avropa İnsan Hüquqları Məhkəməsi 39-cu qaydanı rəhbər tutaraq hazırda həbsdə olan Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının rəhbəri Qubad İbadoğlunun şikayətini təmin edən qərar qəbul edib.

Nəsimi Məmmədli hesab edir ki, dövlət qurumları Ələsgər Məmmədlinin səhətindəki ciddi problemləri, təqsirsizliyini nəzərə alaraq onu dərhal azad etməlidir.

Bununla yanaşı, Amerikanın Səsinin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən deyilənlərlə bağlı şərh alması hələ mümkün olmayıb.

Hüquq müdafiəçisi Rüfət Səfərov Ələsgər Məmmədlinin hazırkı sağlıq durumunun pis olduğunu deyir.

“Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ərizəsi daxil olarkən o şikayətə baxılan müddət ərzində dövlətin müəyyən müvəqqəti məcburiyyət tədbirləri görülməsi barədə qərar qəbul edilə bilər. Bu, dövləti nəyisə etməkdən çəkindirməkdən, eləcə də şəxslərin ölüm və ya işgəncə ilə üzləşə biləcək ölkələrə qaytarılmaması kimi hallardan ibarətdir. Müvəqqəti məcburiyyət tədbirləri barədə qərar məhkəmə tərəfindən yalnız aydın şəkildə müəyyən edilmiş şəkildə konvensiyanın ciddi pozuntusunun baş verməsi təhlükəsi olduqda qəbul edilir”, hüquq müdafiəçisi deyib.

“Ələsgər Məmmədlinin həyat və sağlamlığına görə məsuliyyəti hökumət daşıyır”, Rüfət Səfərov bildirib.

Martın 9-da Bakı şəhəri Xətai Rayon Məhkəməsi Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. O, qaçaqmalçılıqda ittiham olunub.

Bundan öncə, martın 6-da hüquq-mühafizə orqanları Toplum TV-nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin III Respublika Platformasının ofislərində, əməkdaşlıarın evlərində axtarışlar aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, Tolpum TV-nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkanim tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin III Respublika Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az