“Kanal 13” internet televiziyasının rəhbəri və təsisçisi Əziz Orucovun həbsinin daha bir ay uzadılmasına münasibət bildirən Jurnalistləri Müdafiə Komitəsi (Committee to Protect Journalists – CPJ) Azərbaycan hakimiyyətini Orucovu və həbsdə olan jurnalistləri azad etməyə çağırıb.
“CPJ Azərbaycan hakimiyyətini haqsız yerə həbs edilmiş bütün jurnalistləri, o cümlədən Orucov və onun həmkarı Şamo Eminov, habelə Abzas Media-nın 6 əməkdaşını azad etməyə çağırmaqda davam edir”, bəyanatda qeyd edilir.
Fevralın 21-də Səbail Rayon Məhkəməsi Əziz Orucovun məhkəməyəqədər həbs müddətini daha bir ay – martın 27-dək uzatmaq qərarı verib.
“Əziz Orucov təkrar edib ki, ittihamları uydurma hesab edir və öz jurnalist fəaliyyətilə əlaqələndirir”, jurnalistin vəkili Bəhruz Bayramov Amerikanın Səsinə deyib və məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətində olduqlarını əlavə edib.
Ötən il noyabrın 27-də “qanunsuz tikinti aparmaqda” ittiham edilərək saxlanılan Əziz Orucova sonradan “Abzas Media” jurnalistlərinin işindəki kimi “qaçaqmalçılıq” ittihamı irəli sürülüb.
Dekabrın 11-də Azərbaycanda “Kanal 13” televiziyasına giriş məhdudlaşdırılıb. Dekabrın 22-də isə “Kanal 13”-ün daha bir əməkdaşı Şamo Eminov saxlanılıb. Eminova qarşı da “qaçaqmalçılıq” ittihamı irəli sürülüb.
Ötən ilin noyabrından bəri Azərbaycanda “Abzas Media” xəbər saytının 6 əməkdaşı da daxil olmaqla ən azı 10 jurnalist həbs edilib.
Bugünədək bir sıra yerli və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, Avropa İttifaqı və Avropa Şurası Azərbaycanda jurnalistlərin həbsi ilə bağlı narahatlıq ifadə edib, Azərbaycan hakimiyyətini müstəqil mediaya və tənqidi səslərə qarşı təqibləri dayandırmağa çağırıblar.
Amerikanın Səsi