HRW yeni hesabatında Azərbaycan hökumətini transmilli repressiyalar törədən hökumətlər sırasında göstərir

tərəfindən Gozetci

Human Rights Watch təşkilatı fevralın 22-də dərc etdiyi “Biz sizi tapacağıq” başlıqlı hesabatında hökumətlərin öz sərhədləri kənarında həyata keçirdiyi təqiblərlə bağlı narahatlıq ifadə edir.

“Transmilli repressiya” adlandırılan tendensiya hökumətlərin fərdlərə qarşı törətdiyi qətllər, oğurluqlar, ölkədən çıxarılma, konsulluqdan sui-istifadə və rəqəmsal hücumları əhatə edir.

Hesabatda Azərbaycan transmilli repressiya vasitələrindən istifadə edən ölkələr sırasında yer alır. Azərbaycanla yanaşı Əlcəzair, Belarus, Çin, Rusiya, İran, Səudiyyə Ərəbistanı, Türkiyə və bir sıra digər ölkələrin də transmilli repressiyalar törətdiyi qeyd edilir.

Hesabatda hökumətlərin xaricdə yaşayan dissidentləri, fəalları və siyasi opponentləri hədəfə alması, müşahidə, təqib və hətta adam oğurluğu kimi taktikalardan istifadə etməsi hallarına diqqət çəkilir. Transmilli repressiyalara daha bir nümunə kimi xaricdə yaşayan müxaliflərin hələ də öz ölkəsində yaşayan ailə üzvləri və qohumlarına qarşı təzyiq və təqiblər göstərilir.

HRW bildirir ki, transmilli repressiyalar hədəfə alınan və ya hədəfə alına biləcəyindən qorxanların ifadə, birləşmə və toplaşmaq azadlığı hüquqlarına ciddi çəkindirici təsir göstərə bilər.

“Hökumətlər, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar transmilli repressiyaları insan hüquqlarına xüsusi təhdid kimi tanımalıdırlar”, HRW nümayəndəsi Bruno Staqno qeyd edib.

Transmilli repressiya halları ilə bağlı monitorinq aparan “Freedom House” təşkilatının məlumatına görə, təkcə 2023-cü ildə 25 hökumət tərəfindən törədilən 125 transmilli repressiya hadisəsini qeydə alıb.

Təşkilatın məlumat bazasında 2014-cü ildən bəri 44 hökumət tərəfindən 100 ölkədə həyata keçirilən 1034 birbaşa, fiziki transmilli repressiya hadisəsi yer alır.

HRW ilə yanaşı bugünədək bir sıra beynəlxalq insan hüquqları təşkilatları, o cümlədən Avropa Şurası Parlament Assambleyası və ABŞ Dövlət Departamenti öz hesabatlarında Azərbaycan hökumətinin xaricdə yaşayan müxalif fəallara, xüsusən də jurnalist və blogerlərə qarşı transmilli repressiyalar törətməsi ilə bağlı narahatlıqlar ifadə ediblər.

Azərbaycan hökuməti hesabata münasibət bildirməsə də, rəsmi Bakı bir qayda olaraq beynəlxalq insan hüquqları təşkilatlarının tənqidi hesabatlarını qərəzli hesab edir. Azərbaycanlı rəsmilər bir qayda olaraq ölkədə bütün hüquq və azadlıqların qorunduğunu bəyan edirlər.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az