Yanvarın 18-də Bakının Xətai Rayon Məhkəməsi həbsdə olan jurnalist Nərgiz Absalamovanın ailə üzvlərilə görüşlərinə və telefon danışıqlarına dair şikayətini təmin etməyib.
Jurnalist özü məhkəməyə aparılmayıb. Müdafiə tərəfi Absalamovanın iştirakının təmin edilməsi üçün dinləmələrin təxirə salınması barədə vəsatət qaldırıb, lakin vəsatət təmin edilməyib.
Bu barədə vəkil Şəhla Hümbətova Turan-a bildirib.
İstintaq qadağanı onunla əsaslandırır ki, “bu cinayəti törətmiş başqa şəxslərin ifşa edilməsinə maneçilik yarana bilər”.
Vəkil bu iddiaları əsassız hesab edir. Hümbətovanın fikrincə, Absalamovanı qohumlarıyla ünsiyyətdən tamamilə məhrum etməyə ehtiyac yoxdur və görüşlər nəzarətçilərin müşahidəsi altında təşkil edilə bilər. Ancaq şikayət təmin edilməyib.
Müdafiə tərəfi bu qərardan apellyasiya şikayəti verəcək.
Turan