Vəkil: “Jurnalisti kamerada videomüşahidə altında saxlayırlar”

tərəfindən Gozetci

Elnarə Qasımova

Ötən gün polis tərəfindən saxlanılan jurnalist Elnarə Qasımova Xətai Rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasında videomüşahidə altında saxlanılır. Bundan əlavə, onu məhkəməyə əlləri qandallı vəziyyətdə aparıblar. Bu barədə Turan-a jurnalistin vəkili  Ayşə Abdel Qadir bildirib.

Bununla əlaqədar o, ombudsmana şikayət göndərib, lakin Ombudsman Aparatından bildiriblər ki, onlara belə şikayət daxil olmayıb.

“Müvəqqəti saxlama yerində jurnalist Elnarə Qasımovaya bildirmişdilər ki, qadınların saxlanıldığı kameralar videomüşahidə altında deyil. Amma sonra təsadüfən monitora baxanda gördük ki, elə deyil, qadınların saxlanıldığı kameralar da videomüşahidə altındadır. Bu səbəbdən jurnalist məhkəməyə gedərkən paltarlarını tualetdə dəyişmək məcburiyyətində qaldı”, – vəkil qeyd edib.

O həmçinin hesab edir ki, yanvarın 15-d jurnalist məhkəməyə əsassız olaraq əlləri qandallı vəziyyətdə aparılıb. Yalnız tabe olmamaq halında qandal vurula bilər. Belə bir hal müşahidə edilməyib.

Vəkil qeyd edib ki,  bu gün Elnarə Qasımova istintaq təcridxanasına köçürüləcək.

Ombudsman Aparatının mətbuat xidmətindən Turan-a bildiriblər ki, Elnarə Qasımovanın hüquqlarının pozulması ilə bağlıı şikayət daxil olmayıb.

Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.

Elnarə Qasımova yanvarın 13-də Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə saxlanılıb. Yanvarın 15-də məhkəmə onun  barəsində 2 ay 17 gün həbs qətimkan tədbiri seçib. O, Abzas Media işi üzrə cəlb edilmiş altıncı jurnalist və media işçisidir.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az