Avropa İttifaqı Azərbaycanda jurnalistlərin və fəalların həbslərinin ciddi narahatlıq doğurduğunu qeyd edib, fundamental hüquqlarından istifadə etdiklərinə görə həbs edilənlərin azad edilməsinə, ifadə azadlığı və müstəqil jurnalistika üçün azad və sərbəst məkanın təmin edilməsinə çağırıb.
Aİ-nin xarici işlər üzrə baş sözçüsü Peter Stano cümə axşamı yaydığı bəyanatda insan hüquqlarının, o cümlədən fundamental azadlıqlar və qanunun aliliyinin Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin mühüm elementləri olduğunu vurğulayıb.
“Bu kontekstdə son vaxtlar jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Əziz Orucov, Rüfət Muradlı, Nərgiz Absalamova, Teymur Kərimov, İbrahim Hümbətov, eləcə də Hafiz Babalının əsassız həbsi müstəqil jurnalistika üçün məkanın daralması və Azərbaycanın beynəlxalq öhdəliklərinə zidd olaraq ifadə azadlığını məhdudlaşdırması ilə bağlı ciddi narahatlıq doğurur”, bəyanatda qeyd edilir.
Aİ həmçinin insan hüquqları fəalı İlhamiz Quliyev və müxalifət lideri Tofiq Yaqublunun həbsindən, Qubad İbadoğlu və Bəxtiyar Hacıyevin məhkəməyəqədər həbs müddətinin uzadılmasından təəssüfünü ifadə edib.
Azərbaycanda ötən ayın sonlarından etibarən korrupsiya araşdırmaları ilə tanınan “Abzas Media” xəbər saytının direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov və reportyor Nərgiz Absalamova “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib. Dekabrın 13-də “Abzas Media” ilə əməkdaşlıq edən “Turan” agentliyinin araşdırmaçı jurnalisti Hafiz Babalı həbs edilib.
“Abzas Media” jurnalistləri “qaçaqmalçılıq yolu ilə ölkəyə xarici valyuta gətirməkdə” ittiham edilsə də, onlar peşə fəaliyyətləri, xüsusən də yüksək rütbəli məmurların korrupsiyasına dair dərc etdikləri araşdırmalara görə cəzalandırıldıqlarını bildirirlər.
Amerikanın Səsi