AbzasMedia-nın həbsdə olan direktoru Ülvi Həsənliyə vəkillə əlaqə saxlamağa icazə verilmədiyi bildirilir.
Bu barədə vəkil Zibeydə Sadıqova məlumat verib. Onun sözlərinə görə, Ülvi Həsənli ilə saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında görüşə bilirsə də, zənglərə qadağa qoyulub:
“Bu, qeyri-qanunidir və mən bu məsələ ilə bağlı həm Penitensiar Xidmətə, həm də Ombudsman Aparatına müraciət etmişəm. Biz bu məsələyə görə məhkəməyə də müraciət etmək niyyətindəyik”.
Zibeydə Sadıqova bildirib ki, bundan əvvəl Ülvi Həsənliyə istintaq orqanından ailə ilə görüş və zəng qadağası qoyulub:
“Biz bu məsələ ilə bağlı məhkəməyə müraciət etmişik. Amma Ülvi bəyə hətta ailəsinin gətirdiyi kitabları belə götürmürlər”.
Penitensiar Xidmətdən “Turan”a bildirilib ki, bu məsələ araşdırılacaq və məlumat veriləcək.
Xatırlatma
Ülvi Həsənli noyabrın 21-də qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Daha sonra eyni ittihamla AbzasMedia-nın baş redaktoru Sevinc Vaqifqızı, jurnalist Nərgiz Absalamova və ictimai fəal Məhəmməd Kekalov barəsində də həbs-qətimkan tədbiri seçilib. Onlar ittihamı qəbul etmirlər.
AzadlıqRadiosu