Amnesty International təşkilatı “Abzas Media” rəhbərliyinin dərhal azad edilməsinə çağırıb

tərəfindən Gozetci

Ülvi Həsənli, Sevinc Vaqifqızı və Məhəmməd Kelakov

 

Amnesty International: “Abzas Media” jurnalistlərinin həbsi Azərbaycanda hökumət tənqidçilərinə qarşı saxta ittihamlardan istifadə nümunəsinə uyğundur”

“Ülvi Həsənli “Abzas Media”nın direktoru kimi Azərbaycanda ən yüksək səviyyədə korrupsiya sxemlərini cəsarətlə ifşa edib, eyni zamanda ictimai maraq doğuran ən mühüm mövzuları işıqlandırıb”.

Azərbaycanın “Abzas Media” internet nəşrinin direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və direktor müavini Məhəmməd Kekalovun həbsini şərh edən Amnesty İnternational təşkilatının Cənubi Qafqaz üzrə tədqiqatçısı Natalya Nozadze belə deyib.

“Həsənli və onun həmkarlarının mühakimə olunması Azərbaycanda korrupsiya məsələlərini işıqlandırmağa cəsarət edən azsaylı müstəqil jurnalist qruplarından birinin fəaliyyətini pozur. Ülvi Həsənli, Sevinc Vaqifqızı və Məhəmməd Kekalovla bağlı baş verənlər mətbuat azadlığına ciddi hücumdur. Jurnalistlərin həbsi Azərbaycanda hökuməti tənqid edənləri susdurmaq üçün saxta ittihamlardan istifadə etmək kimi formalaşmış nümunəyə uyğundur”, – deyə o əlavə edib.

Nozadze həmçinin deyib ki, ittihamlar güclü və mötəbər dəlillərlə təsdiq olunmadığı təqdirdə Amnesty International Həsənli, Vaqifqızı və Kekalovun dərhal azadlığa buraxılmasına çağırır.

Xatırlatma

“Abzas Media”nın direktoru Ülvi Həsənli noyabrın 20-də Bakı aeroportundan xaricə uçmalı idi, lakin heç təyyarəyə minə bilməyib. Saatlar sonra vəkili polis tərəfindən saxlanıldığını bildirənə qədər onun harada olduğu məlum olmayıb. Həmin gün “Abzas Media”nın direktor müavini, ictimai fəal Məhəmməd Kekalovun saxlanıldığı da məlum olub. Noyabrın 21-nə keçən gecə nəşrin baş redaktoru Sevinc Vaqifqızı ölkəyə qayıdarkən saxlanılıb. Hər üç şəxs “əvvəlcədən əlbir olaraq xarici valyuta qaçaqmalçılığı” maddəsi ilə ittiham olunub.

Noyabrın 21-də axşam Bakı məhkəməsinin qərarı ilə Həsənli və Vaqifqızı 4 ay müddətinə həbs edilib. Noyabrın 23-də Məhəmməd Kekalov barəsində eyni ittihamla 3 ay 27 gün həbs qətimkan tədbiri seçilib.

Ülvi Həsənli 2010-cu illərin sonunda NİDA vətəndaş birliyinin fəal üzvü kimi dəfələrlə hökumətin təqibləri ilə üzləşib. 2018-ci ildə səhhətinin pis olmasına baxmayaraq, orduya çağırılaraq Qarabağdakı münaqişə zonasına göndərilib. 2021-ci ildə Həsənli araşdırmaçı jurnalist kimi fəaliyyəti ilə əlaqədar qısa müddətə həbs edilib.

2022-ci ildə o, həmçinin bağlanma təhlükəsi ilə bütün media orqanlarını vahid dövlət reyestrində qeydiyyatdan keçməyi məcbur edən qanunun əleyhinə çıxış edən jurnalistlərdən biri olub.

Bundan əlavə, o, 2023-cü ilin iyununda baş vermiş Söyüdlü etirazlarını işıqlandırıb. Daha sonra Azərbaycan polisi Həsənli də daxil olmaqla aksiyaları işıqlandıran azı altı jurnalisti saxlayıb, döyüb, hədələyib və ya işinə mane olub.

Həsənlinin saxlanması2023-cü il iyulun 23-də qondarma ittihamlarla həbs edilən iqtisadçı Qubad İbadoğlunun həbsindən sonra Azərbaycanda yüksək səviyyəli korrupsiya hallarının ifşasına görə qisas məqsədilə baş verib.

AbzasMedia

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az