Arif Hacılının oğlu Orxan Hacılı ev dustaqlığına buraxılmayıb

tərəfindən Gozetci

Orxan Hacılı

Bakı şəhəri Yasamal rayon məhkəməsində Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılının ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

Bu barədə Orxan Hacılının vəkili Nemət Kərimli bildirib.

Onun sözlərinə görə, məhkəmə vəsatəti təmin etməyərək, Orxan Hacılı ev dustaqlığına buraxılmayıb.

“Bu işin öz spesifik xüsusiyyətləri var. Hüquqlarını müdafiə elədiyim şəxsin ittiham olunduğu maddələrin sanksiyasında iki ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Prosessual qanunvericiliyə əsasən, iki ilədək azadlıqdan məhrumetmə cəzası yalnız o halda seçilə bilər ki, şəxs cinayət təqibini həyata keçirən orqanlardan gizlənsin”.

Vəkil hesab edir ki, bu qərar prosessual qanunvericiliyin pozuntusudur.

Nemət Kərimli bundan sonra apellyasiya şikayəti verəcəyini bildirib.

Vəkil deyib ki, həbsdən öncə hadisə ilə bağlı sosial şəbəkələrdə video-görüntülər yayılıb.

“Orxan avtomobillə hərəkət edərkən qarşısına çıxan avtomobil sol tərəfə manevr edərək qaydanı pozur. Orxan avtomobili yayındırarkən həmin avtomobilə toxunur. Daha sonra Orxan avtomobilindən düşür həmin şəxslərlə görüşür. Həmin şəxslər hər hansı xəsarətin olmadığını bildirir. Hadisədən təxminən 20 gün keçəndən sonra deyirlər ki, guya orada səkidə kimsə oturubmuş, ona avtomobil dəyib və kəllə-beyin travması alıb”, deyə Kərimli qeyd edib.

Orxan Hacılıya qarşı noyabrın 1-də Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi açılıb. Noyabrın 2-də onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib.

Məsələ ilə bağlı hələlik Yasamal rayon məhkəməsindən və digər rəsmi qurumlardan rəsmi açıqlama almaq mümkün olmayıb.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az