Elməddin İsayev: “Nə iş verirlər, nə məşğulluqla təmin edirlər”
İkinci Qarabağ müharibəsinin iştirakçısı, Göyçayın Mırtı kəndi sakini Elməddin İsayev özünüməşğulluqdan yararlana bilmədiyini deyir.
Müharibə iştirakçısı bu barədə Meydan TV-yə danışıb.
Onun sözlərinə görə, kənddən müraciət edənlər bu proqramdan yararlana bilsələr də, ona imkan tanınmır:
“Üç ildir ki, Dövlət Məşğulluq İdarəsinin filialında qeydiyyatdayam, heyvan alıb-saxlamaq istəyirəm. Məndən sonra qeydiyyata düşənlər də aldı, amma nədənsə mən yada düşmürəm. Amma müharibə, Vətəni qorumaq olsa, hamıdan tez yada düşürük”.
“Digərləri kimi intihar edək?”
Kamran İsayev deyir ki, ilk gündən son günədək müharibədə iştirak edib.
O buna görə peşman olmadığını deyir, amma dövlətin diqqətini də görmək istəyir. Üstəlik, ev tikmək üçün kənd bələdiyyəsinə ünvanladığı torpaq istəyinə də mənfi cavab alıb:
“2020-ci ilin sentyabrın 27-dən 2021-ci ilin 9 yanvarına qədər Suqovuşan, Talış istiqamətində müharibədə iştirak edən heyətin tərkibində olmuşam. Sonra qayıtmışam və 2021-ci ildə Dövlət Məşğulluq Agentliyinin filialına dəzgah üçün müraciət etmişəm. İki aydan sonra imtina edib qoyun almaq istəmişəm. Veteranlıq üçün sənəd gətirtdilər ki, 30 balın artsın. Hələ o vaxt balım 100-ü keçmişdi”.
“2022-ci ilin fevralında gəlib həyətə, tövləyə baxış keçirib getdilər, nəticəsi olmadı. Dəfələrlə getmişəm, araşdırmadan deyirlər ki, get, xəbər edəcəyik. Üç il də bitir artıq, ancaq məndən sonra qeydiyyata düşənlər və heç müharibə iştirakçısı olmayanlar alıb. Bəs ailəmi necə dolandırım? Digərləri kimi intihar edək? Nə iş verirlər, nə məşğulluqla təmin edirlər”.
“Bələdiyyədən dedilər ki, torpaq yoxdur, get atandan al…”
Müharibə iştirakçısının sözlərinə görə, 5 nəfərlik ailə onun 80 manatlıq təqaüdü ilə dolanır.
Deyir ki, sahədəki əkini də heç ona sərf edilən xərci ödəmir. İndiki durumda iş axtarışları da nəticəsiz qalıb:
“Tək torpaq, əkin dolanışığı təmin etmir axı. Bu il hava şəraiti əkini də məhv etdi. Borc da, bahalıq da bir tərəfdən. Böyük ailəyik, subay adamam, evim yox. Köhnə təmirli ata evimiz var, yaşayış da, əkin də oradadır. Ev tikmək və əkin üçün bələdiyyədən torpaq istədim, dedilər yoxdur, get atandan al. Adıma heç pay torpağı da yoxdur. Nə torpaq verən var, nə də heyvan. Heyvanı alsaydım, artırıb məşğulluq yaradardım. Harada gedirsən, deyirlər ki, birtəhər dolan. Bundan birtəhər necə olur? Bütün qapıları bağlayıb, adamı həyatdan bezdirirlər. Yaşamaq məmurlar, imkanlılar üçündür. Sürünməklə yaşamaq olur?”.
Dövlət Məşğulluq Agentliyi müraciətə gələn il baxılacağını deyir…
Dövlət Məşğulluq Agentliyinin sözçüsü Əsmər Nəcməddinqızı Meydan TV-yə deyib ki, artıq ilin sonudur, növbəti ildən onun müraciətinə baxılacaq.
“Göyçay sakini İsayev Elməddin Kamran oğlunun müraciəti tərəfimizdən araşdırılıb. Vətəndaş Vətən müharibəsi veteranıdır. Qoyunçuluq təsərrüfatı zərfi üzrə özünüməşğulluq proqramına müraciət edib və hazırda növbədədir. Artıq il tamamlanmaq üzrə olduğu üçün proqram iştirakçılarının ilkin monitorinqləri başa çatıb. Növbəti ildə proqramın icrası başlayan ilk dövrlərdə Elməddin İsayevin proqram çərçivəsində müvafiq prosedurlara cəlbi təmin ediləcək”, – deyə o sorğuya belə cavab verib.
Bələdiyyə sədri də işi gələn ilə saxladı…
Bələdiyyə sədri Nazim Davudov isə Meydan TV-yə bildirib ki, kənddə 35 müharibə iştirakçısı var. Onların da yalnız 3 nəfərinə torpaq ayrılıb.
Onun sözlərinə görə, Elməddin İsayevin müraciətinə gələn ildən, torpaq olduğu təqdirdə baxıla bilər.
“Müraciət edən üç veterana sahibkar obyekti kimi yol kənarından bir az yer ayırmışam. Ancaq sənədlərini hələ təsdiqlədə bilmirlər. Üç ildə bir sot torpaq verə bilmişəm, çünki indi sənədləşdirməni çətinləşdiriblər. Ancaq ev tikmək üçün bələdiyyənin torpağında elə də yer yoxdur. 1300 hektarının 650 hektarı pay və həyətyanı sahələrdir. Gərək vətəndaşların vaxtilə zəbt etdiyi torpaqlardan alıb verək. Digər elə yerlər var ki, uzaqdır, onlar gedə bilməyəcəklər. Oradan istəyir və adında pay torpağı yoxdursa, mənə müraciət etsin, növbəti ildə baxarıq”.
Meydan TV