Müsəlman Birliyi Hərəkatının daha bir üzvü Həsən Abbaszadə həbs olunub

tərəfindən Gozetci

Həsən Abbaszadə

Həsən Abbaszadə barəsində ilkin istintaq dövrü üçün həbs qətimkan tədbiri seçilib

Müsəlman Birliyi Hərəkatından Meydan TV-yə verilən məlumatda bildirilir ki, Həsən Abbaszadəni sentyabrın 11-də axşam saat 20 radələrində Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində bir neçə nəfər mülki geyimli saxlayıb. Lakin onun saxlanması, hara aparılması barədə ailə üzvlərinə heç bir məlumat verilməyib:

Ailəsi gecədən səhərə qədər onun yeri barədə məlumat almağa çalışıb. Lakin heç bir xəbər öyrənə bilməyib. Sentyabrın 12-də məlum olub ki, Həsən Abbaszadəyə Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234.4.3 maddəsilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ittiham verilib”.

Artıq Həsən Abbaszadə barəsində ilkin istintaq dövrü üçün həbs qətimkan tədbiri seçilib.

Hərəkatdan o da bildirilib ki, Həsən Abbaszadə Moskvada işləyib ailəsini dolandırırdı. O, bir müddət əvvəl Bakıya gəlibmiş.

Son vaxtlar dini inanclıların, o cümlədən Müsəlman Birliyi Hərəkatı üzvlərinin narkotik ittihamıyla kütləvi həbsini nəzərə alaraq, Həsən Abbaszadə Azərbaycana gəlməmişdən əvvəl video çəkib. Orada vurğulayıb ki, əgər onu da narkotik və ya başqa bir ittihamla həbs eləsələr, hər kəs əmin olsun ki, şər-böhtandır.

Mən bir müddət əvvəl Moskvaya işləməyə gəlmişdim. Səhhətimdəki problemlər, belimdəki yırtıq işləməyə imkan vermir. İşim də fiziki olduğuna görə vətənimə qayıtmaq istəyirəm. Son zamanlar baş verənlər heç ürəkaçan deyil. Xeyli dostumu, qardaşımı narkotik, İrana bağlılıq və başqa çirkin ittihamlarla şərləyib həbs eləyiblər. Bu hal mənim də başıma gəlməsin deyə, bu videonu çəkib sizə əmanət buraxıram. Əgər mən Bakıya qayıdanda başıma belə bir hal gəlsə, əmin olasınız ki, quramadır, yalançı ittihamdır. Biz vətənimizə, millətimizə, el-obamıza canıyanan insanlarıq. Mən özüm aprel döyüşlərinin iştirakçısı olmuşam. Qardaşım İkinci Qaradağ Müharibəsində, atam Birinci Qarabağ Müharibəsində 6 il döyüşüb. Bizim kimi insanlar heç vaxt öz millətinə xəyanət eləməz”, – videomüraciətdə Həsən Abbaszadə belə deyir.

Onun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3 maddəsində 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Müsəlman Birliyi Hərəkatından bildirilib ki, son aylarda təşkilatın 30-a yaxın üzvü narkotik ittihamıyla şərlənərək həbs olunub:

Artıq olkə gündəmini inanclıların narkotik ittihamıyla saxlanılma xəbərinin saxta və məcbur təmizlənmə olaraq icrası heç kəs üçün gizli deyil. Bu sıranın həbs dalğası 2023-cü ilin gəlişilə eyni ittiham üzərindən yüzlərlə inanclını əqidə sədaqətinə görə azadlıqdan məhrum edib. Müsəlman Birliyi Hərəkatı ailəsinin 30-a yaxın üzvü də onlar arasında yer alıb”.

Hüquq müdafiəçilərinin məlumatına görə, narkotik ittihamıyla həbs olunan dini inanclıların ümumi sayı isə 500 nəfərdən çoxdur.

Müsəlman Birliyi Hərəkatının daha bir üzvü Ağəli Yəhyayev avqustun 31-də narkotik ittihamıyla həbs olunub. Ailə üzvləri onun da şərlənərək həbs olunduğunu, işgəncələrə məruz qaldığını bildirir.

Hazırda Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın ümumilikdə 50-yə qədər üzvü həbsdədir.

Daxili İşlər Nazirliyi həbs olunanların şərlənməsi, narkotik ittihamının böhtan olması haqda iddiaları rədd edir. Nazirlik həmin şəxslərin konkret cinayətlərə görə həbs olunduqlarını bəyan edir.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az