Kollegiya Zibeydə Sadıqova barədə rəy verib, vəkil səbəbini bilmir

tərəfindən Gozetci

Zibeydə Sadıqova

“Sən demə, barəmdə intizam tədbiri görmək istəyirlərmiş”

Vəkil Zibeydə Sadıqova Azərbaycan Vəkillər Kollegiyasının sentyabrın 1-də keçiriləcək Rəyasət Heyəti iclasına dəvət edilib.

Səbəbini soruşanda ona barəsində rəy verildiyi bildirilib.

Zibeydə Sadıqova bu barədə Meydan TV-yə danışıb.

O deyib ki, Kollegiyadan rəyin nə barədə olduğunu soruşub, mahiyyəti ilə tanış olmaq istədiyi deyib, ancaq ona məlumat verilməyib.

Kollegiyadan bildiriblər ki, rəyi yalnız imzalayıb götürə bilər:

“İclasa iki gün qalıb, indi xəbər tuturam ki, barəmdə rəy varmış. Sən demə, barəmdə intizam tədbiri görmək istəyirlərmiş”.

Zibeydə Sadıqova əlavə edib ki, dünən deputatlardan biri insan haqları ilə məşğul olan vəkillər barədə məqalə yazıb.

O, həmin məqalənin mahiyyətini indi anlayır.

Nə baş verir, bu nə deməkdir? Növbə məndədir? İnsan haqlarını müdafiə etmək cinayət deyil”, – Zibeydə Sadıqova bildirir.

Meydan TV bir neçə dəfə Vəkillər Kollegiyasının sədri Anar Bağırovla əlaqə saxlamağa cəhd etsə də, zəngləri cavabsız qalıb.

Vəkillər Kollegiyası Aparatının baş hüquqşünas-məsləhətçisi Səttar Məmmədov isə deyib ki, hələ ki Rəyasət Heyətinin iclası keçirilməyib.

O, məsələ konfidensial olduğu üçün hər hansı detallı məlumat verilə bilməyəcəyini deyib.

“Bu barədə Zibeydə Sadıqovaya məlumat verilib. İclasda hələ ki olmayıb. Ona görə də konfidensial məsələ olduğu üçün cavab verə bilməyəcəyik. Yaxşı olar ki, siz Zibeydə Sadıqova ilə əlaqə saxlayasınız”, – deyə o qeyd edib.

Zibeydə Sadıqova daha çox ictimai-siyasi fəalların, tənqidçi jurnalistlərin hüquqlarını müdafiə edən vəkildir.

Onunla eyni işi görən bir neçə vəkilin, o cümlədən həyat yoldaşı Elçin Sadıqovun da vəkillik fəaliyyəti dayandırılıb.

Buna iyulun 6-da Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında qərar verilib.

Elçin Sadıqov vəkillik fəaliyyətinin dayandırılmasının səbəbinin siyasi olduğunu düşünür.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az