Üç insan haqları təşkilatı Qubad İbadoğlunu dərhal azad etməyə çağırır

“Azərbaycan hakimiyyəti onun ifadə azadlığı hüququna hörmət etməli və onu qorumalı, təqib və ya təzyiqlərdən qorxmadan öz fikirlərini, tənqidini sərbəst ifadə etməsinə imkan verməlidir”

tərəfindən Gozetci

İşgəncələrə Qarşı Ümumdünya Təşkilatı (OMCT) və digər insan haqları təşkilatları Azərbaycanda akademik Qubad İbadoğlunun həbsi, saxlanması və ağır həbs şəraitindən dərin narahatlığını ifadə edib.

Bu barədə təşkilatın yaydığı bəyanatda qeyd olunub.

Təşkilat Azərbaycan hakimiyyətini Qubad İbadoğlu və İradə Bayramovanın həbsi ilə bağlı vəziyyətlə əlaqədar müstəqil və qərəzsiz araşdırma aparmağa çağırıb, iqtisadçıya qarşı irəli sürülən ittihamların saxta və siyasi motivli olduğuna əmin olduqları üçün onun dərhal azadlığa buraxılmasını tələb edib.

Bəyanatda Qubad İbadoğlunun ağır şəraitdə saxlanıldığı vurğulanıb.

“Ailəsi onun 2-ci tip şəkərli diabetdən, ürək xəstəliyindən və göz zəifliyindən əziyyət çəkdiyini, həbs olunduqdan sonra müalicə üçün lazımi dərmanları, qidanı, təmiz içməli suyu almaqda çətinlik yaşadığını bildirib. Onun kamerasında hava sirkulyasiyası, təbii işıq və lazımi sanitar şərait yoxdur”, – bəyanatda bildirilib.

Qeyd edilib ki, siyasətçiyə qarşı güc tətbiqi, pis rəftar, tibbi yardımdan imtina, saxlanma şəraitinin pis olması qeyri-insani və ləyaqəti alçaldan rəftardır.

“Bu, həm Azərbaycan qanunvericiliyi, həm də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq insan hüquqları konvensiyaları ilə qəti şəkildə qadağandır. Bunlara, xüsusən də, Birləşmiş Millətlər Təşkilatının İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası (UNCAT), İnsan Hüquqları üzrə Avropa Konvensiyası (AİHM) və Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt (MHMM) daxildir. Bu müqavilələrin iştirakçısı olan dövlət kimi Azərbaycan bütün insanların, o cümlədən məhbusların ləyaqətini və hüquqlarını qorumağa və onlara hörmətlə rəftar edilməsini, adekvat tibbi yardımın göstərilməsini, saxlanmanın humanist şəraitini və hər hansı formada cinayətlərdən qorunmasını təmin etməyə borcludur. İnsan hüquqları və qanunun aliliyi prinsiplərini qorumaq üçün bu öhdəliklərin hər hansının pozulması hərtərəfli araşdırılmalı və aradan qaldırılmalıdır”.

Təşkilatın bəyanatında Qubad İbadoğlunun vəkili ilə görüşündə üzləşdiyi maneələrə də diqqət çəkilib.

“Ailə üzvlərinin verdiyi məlumata görə, iyulun 27-dək Qubad İbadoğlunun vəkili ilə təkbətək görüşmək imkanı olmayıb. İyulun 26-da vəkil iki saatdan artıq istintaq təcridxanasının gözləmə zalında saxlanılıb. Səhəri gün vəkil Qubad İbadoğlu ilə yalnız görüş zamanı onları müşayiət edən müstəntiqdən icazə aldıqdan sonra görüşə bilib. Bundan başqa, İbadoğlu görüşə əl-qolu  qandallamış halda gətirilib və ona eynəyini taxmağa icazə verilməyib. İbadoğlunun vəkili ilə görüşlərini izləmək, müşahidə etmək və dinləməklə hakimiyyət açıq ünsiyyətə mane olub və onun həbsdə olarkən məruz qaldığı mümkün fiziki və psixoloji zorakılığı sənədləşdirməsinə maneə törədib”.

Təşkilat qeyd edib ki, London İqtisadiyyat Məktəbində  dərs deyən iqtisadçı və siyasətçi kimi İbadoğlu müdafiə edilməli, ona qarşı hər hansı siyasi motivli ittiham irəli sürülməməlidir.

“Azərbaycan hakimiyyəti onun ifadə azadlığı hüququna hörmət etməli və onu qorumalı, təqib və ya təzyiqlərdən qorxmadan öz fikirlərini, tənqidini sərbəst ifadə etməsinə imkan verməlidir”.

“Biz bu çətin zamanda Qubad İbadoğlu, İradə Bayramova və onların ailəsi ilə həmrəyik və ədalətin bərqərar olması, insan hüquqlarının qorunması üçün bundan sonra da hər cür səy göstərəcəyik” – bəyanatın sonunda qeyd olunub.

Yayılan bəyanatı “Human Rights Watch”, “Human Rights House Foundation” və “İşgəncələrə Qarşı Ümumdünya Təşkilatı” (OMCT) birgə imzalayıblar.

Hökumət rəsmiləri Qubad İbadoğlunun həbsini siyasi motivli hesab etmirlər.

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlunu iyulun 23-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları saxlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. DİN-in yaydığı məlumata əsasən, az əvvəl FETÖ ilə əlaqədar həyata keçirilmiş xüsusi əməliyyat zamanı saxlanılan beş nəfərdən birinin İbadoğlu ilə əlaqələri müəyyən edilib və bu da onun istintaqa cəlb edilməsinə səbəb olub.

Daha sonra ona məxsus mülklərdə axtarış aparılıb. İyulun 24-də Nərimanov Rayon Məhkəməsi müxalif siyasətçi barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçib.

Q. İbadoğlu verilmiş ittihamla özünü təqsirli bilmir və həbsini siyasi fəaliyyəti ilə bağlayır.

Bir sıra Qərb ölkələrinin səfirlikləri Azərbaycan hökumətindən Q. İbadoğlunun hüquqlarını təmin etməyə, onu azad etməyə çağırıb.

abzas.org

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az