World Movement for Democracy Team Qubad İbadoğlunun müdafiəsinə qoşulub

tərəfindən Gozetci

Qubad İbadoğlu

“Qubad İbadoğlu və həyat yoldaşı qəddar hücuma məruz qalıb”

World Movement for Democracy Team (Demokratiya Uğrunda Dünya Hərəkatı) 15 gün əvvəl həbs olunan iqtisadçı Qubad İbadoğlunun müdafiəsinə qoşulub.

Hərəkatın avqustun 7-də yaydığı müraciətdə bildirilir ki, korrupsiya ilə mübarizə üzrə araşdırmaçı Azərbaycandan olan doktor Qubad İbadoğlu hücuma məruz qalıb və hakimiyyət tərəfindən həbs edilib:

Doktor Qubad İbadoğlu və onun həyat yoldaşı İradə Bayramova qəddar hücuma məruz qalıb. Mülki paltar geyinmiş 20 nəfər şəxs onların avtomobilini saxlayıb və hər ikisini açıq şəkildə döyməyə başlayıblar. Sonra hər ikisi polis nəzarəti altına alınıb, İradə Bayramova həmin gün gecə saatlarında azad edilib”.

Demokratiya Uğrunda Dünya Hərəkatı

“Həmin vaxtdan Azərbaycan hakimiyyəti Qubad İbadoğlunu saxta pul kəsmək və Türkiyə hökumətinin terrorrist hesab etdiyi Fətulla Gülən təşkilatı ilə əlaqələr də daxil olmaqla müxtəlif cinayətlərdə günahlandırır. Bu ittiham üzrə onu 12 il həbs təhlükəsi gözləyir. Qubad İbadoğluya qarşı ittiham uydurmadır və onun saxlanması rejimin mülklərindən danışanları susdurmağa yönəlib. Bu,  Azərbaycanda onsuz da zəif olan vətəndaş cəmiyyətini və müstəqil mətbuatı qorxutmağa bir siqnaldır”, – deyə təşkilat bildirib.

Foto: Hərəkatın Twitter səhifəsi

“Təqdirəlayiq haldır ki, doktor Qubad İbadoğlu 2023-cü ilin iyun ayında Böyük Britaniyada Azərbaycan Gənclərinin Təhsil Fondunun-azərbaycanlı peşəkarların yeni nəslinin formalaşmasına dəstək vermək məqsədi daşıyan təşkilatın yaradıldığını elan edib”, – deyə hərəkatın müraciətində qeyd olunur.

Qubad İbadoğlunun həbsi

Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ertəsi gün Nərimanov rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

ADR sədri daha dörd nəfərlə əlbirlikdə ittiham olunur.

Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı.

FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib.

Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Qubad İbadoğlunun ofisində, mənzilində, bağ evində axtarışlar aparılıb.

Ofisdən 40 min dollar pul tapıldığı iddia olunur. Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.

Qubad İbadoğlu axtarışdan sonra məkandan çıxarılıb aparılarkən siyasi sifarişlə həbs olunduğunu bildirib.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az