Fazil Qasımovun qardaşı Nazim Qasımov “Turan”a danışıb.
O deyib ki, qardaşını yaşadığı evdən aparıblar:
“Qardaşımın hansı səbəbdən saxlanılması barədə heç bir məlumat verilməyib. Sosial şəbəkələrdən öyrəndik ki, Fazil Bakıya gətirilib. Lakin saxlanma səbəbi ailəmizə izah olunmayıb və biz onun haqqında dövlət strukturlarından məlumat ala bilmirik”.
Onun sözlərinə görə, Fazil Qasımov Qafqaz Universitetini bitirib (universitetin fəaliyyəti 2017-ci il yanvarın 16-da dayandırılıb), daha sonra Türkiyədə təhsilini davam etdirərək İstanbul Universitetində doktoranturı bitirib:
“Bildiyimə görə, o, Mübariz Mənsimovun şirkətində işləyib”.
“Fazil prezident təqaüdçüsü idi, vətənini, dövlətini çox sevir”, – deyə qardaşı bildirib.
Öz növbəsində Qubad İbadoğlunun vəkili Bəhruz Bayramov qeyd edib ki, indiyədək Azərbaycanda FETÖ (Prezident Ərdoğanın şəxsi düşməni olan vaiz Fətullah Gülənə məxsus təhsil müəssisələri şəbəkəsi – red.) ilə əlaqəyə görə heç kim məsuliyyətə cəlb edilməyib.
“Azərbaycanın Cinayət Məcəlləsində FETÖ-yə üzv olmağa görə cəza nəzərdə tutan maddə yoxdur. Ölkə parlamenti də FETÖ-nü terror təşkilatı kimi tanımayıb. Ona görə də FETÖ ilə əlaqəsi olsa belə, heç kimməsuliyyət daşıya bilməz”, – deyə vəkil bildirib.
O, İbadoğlu işində Fazil Qasımov adlı şəxsin təqsirləndirilməsi ilə bağlı heç nə bilmədiyini deyib.
* * *
Fazil Qasımovun Qubad İbadoğlu işi ilə bağlı saxlanıldığı bildirilir
Azərbaycanlı alim Fazil Qasımovun Qubad İbadoğlu işi ilə bağlı Türkiyədə saxlanılaraq Azərbaycana gətirilməsi təsdiqlənib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Meydan TV-yə məlumat verilib.
Nazirlik bildirib ki, cinayət işi ilə əlaqədar axtarışda olan Fazil Qasımov Azərbaycana gətirilib:
“Fazil Qasımov Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həbs olunaraq istintaqa təhvil verilib”.
Fazil Qasımovun Türkiyədə saxlanılması ilə bağlı ilk məlumat TİME TV-də yayılıb.
Fazil Qasımov kimdir?
İstanbul şəhərində yaşayan Fazil Qasımov Türkiyənin Özyeğin və Hollandiyanın Tilburq Universitetində Beynəlxalq Biznes İdarəçiliyi ixtisası üzrə təhsil alıb.
O, təhsilini Türkiyənin İstanbul Universitetində doktorantura pilləsi üzrə davam etdirib.
Hüquq və iqtisadiyyat üzrə fəlsəfə doktorudur.
Qubad İbadoğlunun həbsi
Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ertəsi gün Nərimanov rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
ADR sədri daha dörd nəfərlə əlbirlikdə ittiham olunur.
Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı.
FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.
Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.
Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib.
Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.
Qubad İbadoğlunun ofisində, mənzilində, bağ evində axtarışlar aparılıb.
Ofisdən 40 min dollar pul tapıldığı iddia olunur. Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.
Qubad İbadoğlu axtarışdan sonra məkandan çıxarılıb aparılarkən siyasi sifarişlə həbs olunduğunu bildirib.
Meydan TV