Etiraz aksiyası: “Maddələr dəyişir, mahiyyət yox!”

tərəfindən Gozetci

Avqustun 5-də ictimai fəallar Bakı Şəhər Baş Polis İdarəsinin binasına “Afiəddin Məmmədova azadlıq! Maddələr dəyişir, mahiyyət yox!” plakatları yapışdırıblar. Onlar İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun üçüncü dəfə qanunsuz olaraq həbs edilməsinə etiraz ediblər. Aksiya iştirakçılarından Səhər Cahan bildirib ki, Afiəddin Məmmədovun həyatından son 1 ildə 90 gün oğurlanıb.

“Baxmayaraq ki, o, aksiyaya getməmişdi, sadəcə aksiyadan sonra kuryerlərlə görüşə getmişdi və evinə qayıdarkən yolda oğurlanıb. Kuryerlər kifayət qədər istismar olunur və bu, istismara artıq bir son vermək lazımdır. Afiəddin bunun üçün mübarizə aparırdı, kuryerləri məlumatlandırmağa çalışırdı, onlara hüquqi yardım edirdi. Kuryerləri öz haqları ilə tanış edirdi ki, onlar istismara dözməsinlər”, o bildirib.

Səhər Cahan hesab edir ki, Afiəddin Məmmədov siyasi fəaliyyətinə görə həbs olunub. Aksiyada saxlanılan olmayıb.

Xatırladaq ki, avqustun 2-də Xətai Rayon Məhkəməsinin qərarı ilə ictimai fəal, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə 500 manat məbləğində cərimə olunub.

Yasamal Rayon Məhkəməsi isə onun barəsində İXM-nin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə 30 sutka inzibati həbs cəzası verib.

Avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş qanunla bağlı bəyanat yayıb.

Elə həmin gün bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz edib. Afiəddin Məmmədov da aksiyadan sonra saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, məhkəmə qərarı ilə müəyyən edilən borc öhdəliyindən yayındığına görə axtarışda olan Afiəddin Məmmədovun yeri müəyyən olunaraq saxlanılıb.

“Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məmmədova məhkəmənin qərarı ilə 30 gün müddətinə inzibati həbs cəzası verilib”, o deyib.

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası 2022-ci il martın 1-də bir qrup işçi fəallar tərəfindən qurulub.

İttifaqın məqsədi Azərbaycanda baş verən işçi istismarına qarşı mübarizə aparmaq, işçilərə ödənişsiz hüquqi yardım göstərmək, həmkarlar ittifaqı ənənəsini yenidən bərpa etmək, işçiləri təşkilatlandırmaq və birgə mübarizəyə təşviq etməkdir.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az