‘Hürriyyət’ qəzetinin baş redaktoru həbs olunub

tərəfindən Gozetci

Vüqar Məmmədov

“Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov həbs olunub. İyulun 24-də Binəqədi rayon Məhkəməsində onun haqqında 1 aylıq inzibati həbs qərarı çıxarılıb.

O, rəhbərlik etdiyi “Hurriyyet TV” adlı internet televiziyasında qadağan edilmiş məlumatın yayılmasında ittiham olunur.

Vüqar Məmmədovla yanaşı, iyulun 19-da kanalın efirində çıxış etmiş, ehtiyatda olan polkovnik Elnur Məmmədov da cəzalandırılıb. Ona da eyni ittihamla – İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi və ya qarşısının alınmaması) maddəsilə 1 aylıq həbs cəzası verilib.

“Hürriyyet TV”nin redaksiyasından AzadlıqRadiosuna bildirilib ki, Vüqar Məmmədov iyulun 24-də günorta saatlarında Baş Prokurorluğa çağırılıb:

“Axşam saat 8-ə qədər redaksiyaya da, onun yaxınlarına da heç bir məlumat verilməyib. Yalnız onu deyiblər ki, məhkəməyə aparılacaq”.

Baş Prokurorluğun mətbuat xidmətindən AzadlıqRadiosuna bildirilib ki, həm Vüqar Məmmədov, həm də Elnur Məmmədov haqqında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. Ardınca onlar məhkəmə önünə çıxarılıb. Prokurorluq iddia edir ki, adları çəkilən şəxslər “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunu pozublar.

Polkovnik Elnur Məmmədov iyulun 19-da “Hurriyyet TV”nin efirindəki çıxışında Azərbaycan Ordusunda korrupsiyadan danışıb və Müdafiə naziri Zakir Həsənovun ünvanına ittiham xarakterli fikirlər səsləndirib. Həmin proqramın aparıcı Vüqar Məmmədov olub.

Vüqar və Elnur Məmmədovlar özlərini təqsirli bilmirlər. Onlar söz və ifadə azadlığının konstitusion hüquq olduğunu vurğulayırlar.

Ehtiyatda olan polkovnik Elnur Məmmədov daha öncə də Müdafiə Nazirliyinin Hüquq departamentinin rəisi Elçin Əliyevin şikayəti əsasında həbs olunmuş və Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsiylə 6 ay azadlıqdan məhrum edilmişdi.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az