Müharibə iştirakçılarının etiraz aksiyası

tərəfindən Gozetci

İyulun 20-də bir qrup İkinci Qarabağ Müharibəsi iştirakçısı Nazirlər Kabinetinin qarşısında etiraz aksiyası keçirib.

Onlar veteranlıq statusunun və medalların verilməsini tələb edirlər.

Aksiya iştirakçıllarından biri  deyib ki, dəfələrlə Müdafiə Nazirliyinə müraciət ediblər, lakin onlara deyiblər ki, hərbi əməliyyatlarda iştirak etməmisiniz.

“Gedib hərbi hissədən döyüş əmrini götürmüşük. İndi də deyirlər ki, sən döyüşdə olmamısan, arxada olmusan. Adım əvvəl siyahıda olsa da, sonradan çıxarılıb, deyiblər ki, korpusdan imtina gəlib”, – Mahir Abbasov bildirib.

Ehtiyatda olan zabit Cahangir Kərimov bildirib ki, veteranlıq məsələsilə bağlı Müdafiə Nazirliyində qəbulda olublar, onlara deyiblər ki, məsələ Nazirlər Kabinetinin səlahiyyətindədir.

“Dedilər ki, 44 günlük müharibə ilə bağlı Nazirlər Kabinetində qərara əlavə edilməlidir, bundan sonra veteranlıq statusu ala biləcəyik”, – Kərimov deyib.

Aksiya iştirakçılarının sözlərinə görə, medal və fəxri fərmanlarla təltif edilən, amma veteranlıq statusunu almayan müharibə iştirakçıları da var.

Onlar qeyd ediblər ki, əvvəlki aksiyalara rayonlardan müharibə iştirakçıları qoşulublar.

“Rayonlara qayıdandan sonra polis tərəfindən onlara təzyiqlər olur, onlar  inzibati həbslərə məruz qalırlar”, – aksiya iştirakçılarından biri deyib.

Lakin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Anar Qafarov Turan-ın müxbirilə söhbətində  deyib ki, müharibə iştirakçılarına qarşı təzyiq, üstəlik onların həbsi barədə iddialar həqiqətəuyğun deyil.

“Vətən müharibəsi iştirakçıları qayğı ilə əhatə olunublar, onları narahat edən hansısa problemlərlə bağlı  polis orqanlarına dəvət olunur, izahatları alınır və şikayətlərin aidiyyatlı qurumlara göndərilməsi təmin edilir”, – Qafarov deyib.

Müdafiə Nazirliyindən və Nazirlər Kabinetindən şərh almaq mümkün olmayıb.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az