Türkiyə seçkiləri üzrə yekun qeydlərim

tərəfindən Gozetci

Anar Məmmədli

Türkiyədə 28 May prezident seçkilərinin nəticələri ilə bağlı müzakirələrdə əsas diqqət müxalifətin uğursuzluğuna, xüsusən də vahid namizəd Kemal Kılıcdaroğlu və CHP-nin yetərli namizəd olmadığına yönəlib. Ancaq nədənsə, Türkiyə mediasında seçkilərin siyasi nəticələri ilə yanaşı seçkinin keyfiyyətli, yəni azad və ədalətli qaydada təşkili ilə bağlı müzakirələr aparılmır.

Demokratik qaydada keçirilməyən seçki prosesində yalnız seçki günü əldə olunan nəticələrə köklənmək ədalətsiz yanaşmadır. Çünki azad və ədalətli seçkilər üzrə universal standartlar seçkinin bütün mərhələləri, o cümlədən seçki günü ortaya çıxan nəticələrlə bağlı ayrıca qiymətləndirmə aparmağı zəruri edir. Beləliklə, gəlin 2023-cü ildə Türkiyədə keçirilən prezident seçkiləri ilə bağlı universal standartlara cavab verməyən şərtləri nəzərdən keçirək.
Qanunun aliliyi və siyasi azadlıqlara təminat
2017-ci ildə Türkiyə ölkədə insan hüquq və azadlıqlarının pozulması hallarının çoxalmasına görə yenidən Avropa Şurası Parlament Assambleyasının monitorinqi altına düşən ölkəyə çevrilib.
Türkiyə həmçinin, hazırda Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarını icra etməyən top 5 ölkə arasındadır.
Türkiyədə ən çox pozulan siyasi azadlıqlardan biri söz və mətbuat azadlığıdır. “Freedom House” təşkilatının 2022-ci il üzrə qlobal hesabatına görə, Türkiyə dünyada “qeyri-azad” ölkələr kateqoriyasına daxildir. Bu ölkədə vaxtaşırı pozulan azadlıqlara sərbəst toplaşamq və birləşmək hüquqları da daxildir.
Seçki administarsiyasının müstəqilliyi – Yüksək Seçim Kurulu
Aşağı seçki komissiyalarının formalaşması və idarəçiliyi parlamentdə təmsil olunan partiyalara açıq olsa da, seçki administrasiyasına müstəqil olmayan YSK vasitəsilə hökumətin siyasi nəzarəti mövcuddur. Qeyd edək ki, Türkiyədə YSK-nın qərarlarından Ali Məhkəməyə şikayət mexanizmi də mövcud deyil, yəni hakimlərdən formalaşan qurum şikayət üçün son milli instansiyadır. Bu isə ATƏT və digər beynəlxalq standartlara zidd olan qaydadır.
YSK-nın fəaliyyətində nəzərə çarpan digər çatışmazlıq bu qurumun şəffaf və hesabatlı şəkildə çalışmamasıdır. Məsələn, YSK seçki günü səsvermənin nəticələrini fasiləsiz şəkildə açıqlamanı təmin etməməklə Anadolu Ajansı üçün mediada manipulyasiya imkanı yaradır.
Seçicilərin qeydiyyatı və seçici siyahıları
2017-ci ildən bəri Türkiyədə vaxtaşırı müzakirə olunan mövzulardan biri də seçicilərin qeyddiyatı sahəsində düzənli və şəffaf mühitin olmamasıdır. Türkiyədə vətəndaşlıq əldə etmək kimi seçici olmaq da asan məsələdir. Amma ən ciddi mövzu ölkə əhalisinin sayı ilə seçici siyahısı arasındakı uyğunsuzluğun əsaslı şəkildə izah edilməməsidir.
Dezinformasiya və nifrət nitqinə qarşı hüquqi nəzarət
Müxalif partiyaların 2023-cü il seçkiləri zamanı şikayət etdiyi əsas məsələ hökumət təmsilçiləri və hakim siyasi partiyanın apardığı dezinformasiya kampaniyasıdır. Əfsus ki, bu cür hallara qarşı YSK-nın müdaxilə mexanizmi ya mövcud deyil, ya da işlək deyil. Məsələn, Avropa Birliyi ölkələrində həm bilərək yalan məlumat yaymaq, həm də nifrət və zorakılğa çağırış nitqlərinə görə cəzalandırma mexanizmləri mövcuddur.
Seçicilərin media savadlılığı
2023-cü il prezident seçkilərində Türkiyə əhalisinin məruz qaldığı manipulyasiya və dezinformasiyanın seçici davranışına təsirini öyrənmək gələcəyin işidir. Amma xeyli sayda videolarda hakim siyasi partiyanın təbliğatı nəticəsində müxalif namizədləri terrorizmlə əlaqədə ittiham edən seçicilərlə rastlaşdım. Fikrimcə,bu cür “qara təbliğata” inanmaq media savadlılığı üzrə Türkiyənin aşağı göstəricləri ilə bağldır. Məslən, ATƏT-in dəstəyi ilə ötən il aparılan araşdırmaya görə, Türkiyə 41 Avropa ölkəsi arasında media savadlığı indeksində 36-cı yerdədir.
Seçki məntəqlərinin təşkili
Türkiyə qanunvericliyinə görə ölkədəki seçki məntəqələrində maksimum 400 seçici səs verə bilər. Bununla da seçki məntəqələrinin sayı 200 minə yaxındır. Əslində hər bir seçki məntəqəsində 1000-1200 seçicinin səsverməsini təmin etmək olar. Nəticədə ölkə üzrə həm seçki məntəqələrinin sayını azaltmaq, həm də seçkinin təşkilində iştirak edən partiya təmsilçilərinin sayından, yəni insan resursundan lazımınca istifadə etmək olar. İndiki halda bəzi siyasi partiyalar seçki günü məntəqələrə 100 mindən artıq könüllünü səfərbər etməli olur ki, nəticədə bu cür insan resursunu toplamaq AKP xaric heç bir partiyanın asanlıqla bacardığı prosesə çevrilmir. Eyni şey 200 minədək məntəqədə müşahidəçi yerləşdirmək kimi ağır prosesə da aiddir.
Vətəndaş cəmiyyəti qurumlarının seçkidə töhfəsi və yerli seçki müşahidəçiliyi
2014-cü ildən başlayaraq, Türkiyədə vətəndaş cəmiyyəti təşkilatları seçki prsoesində əsasən iki istqimətdə çalışırlar – seçici fəallığı və könüllü müşahidəçilik. Birinci istiqamətdə çox uğurlu nəticələrin olduğunu qeyd edə bilərik. Amma seçki müşahidəçiliyinin davamlı və keyfiyyətli şəkildə təşkilinə həm hüquqi, həm də maddi-texniki manelər var. Məsələn, Türkiyədə yerli seçki müşahidəçiliyi ilə bağlı ATƏT və Avropa Şurasından olan beynəlxalq müşahidə missiyasının hesabtında qeyd edilir ki, “əvvəlki seçkilərdə olduğu kimi, bəzi vətəndaş cəmiyyəti təşkilatlarının akkreditasiya üçün müraciətləri YSK tərəfindən rədd edilib. Bir çox VCT, o cümlədən “Oy ve Ötesi”, Türkiyə Könüllüləri, İnsan Haqları Dərnəyi və Bərabər Hüquqların Monitorinqi Dərnəyi seçki günü müşahidəni ya siyasi partiyaların müşahidəçisi kimi akkreditə olunmuş və ya akkreditasiyası olmayan, maraqlı vətəndaşlar kimi aparıblar.
Türkiyədə yerli seçki müşahidəçiliyi ilə bağlı 2017-ci ildə EPDE üçün hazırladığım hesabatı da əlavə edirəm.
Ancaq son seçkilər göstərdi ki, siyasətdə dezinformasiya və nifrət nitqlərinə qarşı, həmçinin seçici siyahılarının dəqiqləşdirlməsi yönündə VCT-lərin fəallığna ehtiyac var.
Yekun olaraq, Türkiyədə hazırda mövcud olan hüquqi-siyasi şərtlər dəyişməzsə, yaxın illərdə milli səviyyəli seçkilərdə hakimiyyət dəyişiklikyi ciddi şübhə doğurur. Yerli səviyyəli seçkilərdə, xüsusən inkişaf etmiş şəhərlərdə yuxarıda sadalanan əngəlləri aşmaq asandır. Ancaq milli səviyyəli seçkilər üçün bu faktorları dəyişmədən siyasi dəyişikliyə ümid etmək çətindir. Bu baxımdan Türkiyədə yaxın illərdə seçki qanunvericliyi və seçki təcrübəsini beynəlxalq standartlara uyğunlaşdırmadan demokratik seçkilər keçirmək çətin olacaq.

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az