Apellyasiya Məhkəməsi Abbas Hüseynin şikayətini təmin etməyib

tərəfindən Gozetci

Foto: Turan

Həbsdə olan Müsəlman Birliyi Hərəkatının fəalı Abbas Hüseynin ailə üzvləri mayın 30-da Baş Prokurorluğun binası önündə etiraz aksiyası keçirməyə cəhd edib.

Abbas Hüseynin anası Rəhimə Hüseynova bildirib ki, oğlunun yenidən 1 il müddətinə Qobustan qapalı həbsxanasına göndərilməsi barədə məhkəmə qərarından verilən şikayəti Apellyasiya Məhkəməsi mayın 30-da təmin etməyib.

“Buna etiraz edirik. Qondarma məhkəmə qərarının ləğv edilməsini, Abbasın azadlığa buraxılmasını və onun təhlükəsizliyinin təmin edilməsini tələb edirik. Onu həbsdə döyüblər, işgəncə veriblər. Abbas günahsızdır, azadlığa buraxılmalıdır”, deyə o qeyd edib.

Aksiya yerində olan polis əməkdaşları etirazçıları prokurorluğun qəbul otağna aparıb.

Mayın 15-də sosial şəbəkələrdə dövlət qeydiyyatında olmayan Müsəlman Birliyi Hərəkatının həbsdə olan fəalı Abbas Hüseynə aid olduğu bildirilən səs yazısı yayılıb. Səs yazısında özünü Abbas Hüseyn kimi təqdim edən şəxs hər an onu ölüm təhlükəsi gözlədiyini bildirir.

“Hər an təhlükə altındayam. Bu gün olmasa sabah, sabah olmasa beş gün sonra, beş gün sonra olmasa da beş ay sonra məni öldürəcəklərinə şübhə etmirəm. Son beş ayda olduğum həbsxana rəhbərləri tərəfindən beş dəfə ən ağır şəkildə döyülüb işgəncələrə məruz qalmışam”, deyə o qeyd edib.

Aprelin 27-də 1 saylı İstintaq Təcridxanasının təqdimatı əsasında Nizami Rayon Məhkəməsi Abbas Hüseyni 1 il müddətinə Qobustan qapalı həbsxanasına köçürülməsi barədə qərar qəbul edib.

Abbas Hüseyn 2015-ci il noyabrın 26-da “Nardaran hadisələri” zamanı həbs olunub və 20 il azadlıqdan məhrum edilib. O, terrorçuluq, qanunsuz silah-sursat saxlama və başqa ağır ittihamlarla təqsirləndirilsə də, ittihamların heç birini qəbul etmir və siyasi sifarişlə həbs olunduğunu bildirir.

Hüquq müdafiəçiləri Abbas Hüseyni siyasi məhbus kimi tanıyıb.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az