“Zamin Salayev 48 kiloqram çəki itirib, səhhəti çox ağırdır”

tərəfindən Gozetci

Zamin Salayev

Hazırda Penitensiar Xidmətin Müalicə müəssisəsində saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon şöbəsinin sədri Zamin Salayev 108 gündür aclığı davam etdirir. Salayev ədalət bərpa olunanadək, bəraət alanadək aclığı davam etdirəcəyini deyib.

“O dedi ki, ya bəraət alıb, ya da ölüb hədsxanadan çıxacaq. Hazırda Salayevin səhhəti çox ağırdır. Dedi ki, bədəninin bütün əzalarında kəskin ağrılar var. Onu görüşə əlil arabasında gətirdilər. Özü ayaq üstə dayana bilmir. 48 kiloqram çəki itirib (təcridxanaya daxil olanda çəkisi 118 kiloqram olub). Qan təzyiqi 80/60-dır, ürək döyünüləri dəqiqədə 120-dək artıb”, vəkil Fəxrəddin Mehdiyev mayın 25-də Müalicə müəssisəsində Salayevlə görüşündən sonra Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, Salayevin saxlanma şəraitindən narazılığı yoxdur.

“Ona daimi həkim nəzarəti var. Gün ərzində bir saat yarımadək sistem köçürülür. Saxlandığı palataya bir nəfər daimi nəzarətçi qoyulub ki, halı pisləşəndə ona kömək etsin”, o qeyd edib.

Fəxrəddin Mehdiyevin sözlərinə görə, bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin əməkdaşları da Zamin Salayevə baş çəkib.

Mayın 22-də Qaradağ Rayon Məhkəməsi hakim Rufan Mürsəlovun sədrliyi ilə Zamin Salayevin 4 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Vəkil mayın 29-da məhkəmənin hökmündən apellyasiya şikayəti verəcəyini bildirib.

Zamin Salayev fevralın 7-də saxlanılıb. Fevralın 8-də Bakının Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barədə həbs qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq – silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb.

Salayev həbsinin sifariş olduğunu hesab edir və məhkəmə qərarına etiraz olaraq 108 gündür aclıq edir.

ABŞ-ın Azərbaycandakı səfirlyi bildirib ki, Əlzamin (Zamin) Salayevin aclıq elan etdiyi barədə məlumatlıdırlar.

“Onun işini yaxından izləməkdə davam edirik. Amerika Birləşmiş Ştatları insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qətiyyətlə sadiqdir. Biz hakimiyyəti Azərbaycanın öz Konstitusiyasına və beynəlxalq sazişlərdən irəli gələn öhdəliklərinə uyğun olaraq vətəndaşların hüquqlarının müdafiəsi üçün addımlar atmağa çağırırıq. Birləşmiş Ştatlar Azərbaycan hakimiyyətini insan hüquqlarını və əsas azadlıqlarını həyata keçirdiklərinə görə haqsız və ya özbaşına həbs edilmiş bütün şəxsləri azad etməyə çağırmaqda davam edir”, səfirliyin sözçüsü qeyd edib.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az