Ötən il dünyadakı ölüm hökmləri son 5 ilin ən yüksək həddinə qalxıb.
Qeydə alınmış edamların üçdə birindən çoxu narkotik cinayətlərinə görədir.
Bunlar beynəlxalq insan hüquqları təşkilatı olan “Amnesty International”ın hesabatında yer alıb.
Hesabatda bildirilir ki, İranda 576, Səudiyyə Ərəbistanında 196 edam cəzası icra edilib.
“Həmçinin ölüm hökmü ilə bağlı məlumatların gizli saxlanıldığı Çində də minlərlə edam hökmü həyata keçirilib. Bu, beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”.
“Amnesty International”ın hesabatında bildirilir ki, ölüm hökmləri və edamlarla bağlı sorğular 2022-ci il ərzində 20 ölkədə ümumilikdə 883 nəfərin edam edildiyini üzə çıxarıb.
Bu, əvvəlki illə müqayisədə 53 faiz artım deməkdir:
“Ötən il Çində həyata keçirildiyi güman edilən minlərlə edam nəzərə alınmasa, edamların böyük artımı Yaxın Şərqin bir sıra ölkələrində qeydə alınıb. Ötən il dünyada məlum edamların 90 faizi yalnız üç ölkə tərəfindən həyata keçirilib: İran 576 edam, Səudiyyə Ərəbistanı 196 edam və Misir 24 edam”.
Təşkilat qeyd edir ki, Səudiyyə Ərəbistanında qeydə alınan edam sayı son 30 ilin ən yüksək göstəricisidir:
“Bu, ölkənin beynəlxalq idman müəssisələrinə böyük sərmayə qoyduğu bir vaxta təsadüf edir”.
“Amnesty International”ın Baş katibi Anyes Kallamarın sözlərinə görə, yaxın Şərq, Şimali Afrika ölkələri 2022-ci ildə edamları artıraraq beynəlxalq hüququ pozub və insan həyatına laqeyd münasibət nümayiş etdirib:
“Bu regionda edam edilmiş şəxslərin sayı kəskin artıb. Səudiyyə Ərəbistanı bir gündə 81 nəfəri edam edib. İran isə insanları, sadəcə, etiraz hüququndan istifadə etdikləri üçün edam edib”.
Sənəddə bildirilir ki, İranda şəraitin pisləşməsi və hökumətin insan haqlarını boğması səbəbi ilə artan etirazlar fonunda 2021-ci ildə icra edilən 314 edam hökmü 2022-ci ildə 576-ya qalxıb.
Hesabat müəllifləri qeyd edir ki, Çində öldürülənlərin dəqiq sayı bilinməsə də, ölkənin İran, Səudiyyə Ərəbistanı, Misir və ABŞ-ı qabaqlayaraq dünyada ən çox edam hökmü verən və bunu icra edən ölkə kimi qalıb.
2022-ci ildə ABŞ-da əvvəlki illə müqayisədə 18 edam həyata keçirilib.
Hesabatda vurğulanır ki, ötən il Əfqanıstan da daxil olmaqla, beş ölkədə (Küveyt, Myanma, Fələstin Dövləti və Sinqapur) edam cəzası yenidən bərpa edilib.
Narkotiklərlə bağlı cinayətlərə görə edam olunanların qeydə alınan sayı isə 2021-ci ilə nisbətən 2022-ci ildə iki dəfədən çox artıb.
2022-ci ildə həyata keçirilən edamlar
Çin: naməlum, lakin minlərlə olduğuna inanılır
İran: 576
Səudiyyə Ərəbistanı: 196
Misir: 24
ABŞ: 18
İraq: 11+
Sinqapur: 11
Küveyt: 7
Somali: 6+
Cənubi Sudan: 5+
Fələstin: 5
Yəmən: 4+
Banqladeş: 4
Myanma: 4
Belarusiya: 1
Yaponiya: 1
Hesabatda bildirilir ki, dəqiq sayı məlum olmasa da, Əfqanıstan, Şimali Koreya, Suriya və Vyetnamda edam hökmləri çıxarıldığı və icra edildiyi məlumdur.
Meydan TV