“Tərtər işgəncələri” məhkəməsində polkovnik: “Nazirin, Hərbi Prokurorluğun əmrini icra eləmişəm…”

tərəfindən Gozetci

Hərbi hissə komandiri: “Mənə əmr verənlərdən başlamaq lazımdır…”

Tərtər hadisələri zamanı işgəncə verməkdə ittiham olunan polkovnik, işgəncələrin baş verdiyi iddia olunan hərbi hissələrdən birinin komandiri olmuş Vüsal Ələsgərov məhkəmədə bildirib ki, o, müdafiə nazirinin, onun müavininin, Baş Qərargah rəisinin, Hərbi Prokurorluğun, korpus komandirinin verdiyi əmrləri yerinə yetirib. Ona görə də özünü təqsirli bilmir. Bu barədə o, martın 28-də məhkəməsində ona qarşı ittihamlara münasibət bildirərkən cavabında deyib.

Vüsal Ələsgərov da daxil olmaqla, Tərtər işgəncələrində ittiham olunan dörd nəfərin işinə Bakı Hərbi Məhkəməsinin hakimləri Sumqayıt Məhkəmə Kompleksində baxır. Təqsirləndirilən şəxslər arasındakı digər üç nəfər sabiq qərargah rəisi, polkovnik-leytenant Rəşid Niftəliyev, kəşfiyyatçı vəzifəsində xidmət etmiş Ramil Qarayev və müddətdən artıq xidmət etmiş əsgər Rüstəm Ələsgərovdur.

Adları çəkilən dörd nəfərin işi üzrə ümumilikdə 192 nəfər zərərçəkmiş var. Onlardan 7 nəfər “Tərtər işgəncələri” nəticəsində ölənlərin hüquqi varisləridir. Onların arasında mərhum polkovnik Saleh Qafarov, Elçin Quliyev və digərlərinin adları var.

Martın 28-də məhkəmədə prokuror ittiham aktını elan edib. Cinayət işinin materiallarında iddia olunur ki, Tərtər rayonu ərazində yerləşən N saylı hərbi hissənin komandiri Vüsal Ələsgərov yuxarı komandanlıq qarşısında nüfuz qazanmaq, gələcəkdə vəzifədə irəli çəkilmək və başqa məqsədlərlə hərbi hissənin zabitlərindən ibarət dəstə yaradıb. O, müxtəlif hərbçiləri düşmənə işləmə şübhəsiylə qanunsuz şəkildə sorğu-sual edib. Bu zaman həmin şəxslərə qarşı qanunsuz davranışlara yol verilib, işgəncələr tətbiq olunub. İşgəncə növləri arasında suda boğma, bədənə elektrik vermə, dəyənəklə döymə və başqa üsullardan istifadə olunub.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 341.2.1 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma) maddələrilə ittiham irəli sürülüb. Onlardan Rüstəm Ələsgərova bu maddələrdən əlavə, həm də Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 126.3 (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ölümə səbəb olduqda) maddələrilə ittiham verilib.

İttihamlara münasibət bildirən təqsirləndirilən şəxslərin heç biri orada yazılanları qəbul etməyib. Onlar özlərini təqsirli bilməyiblər.

Hakim təqsirləndirilən şəxslərə sərbəst ifadə verməyi təklif edib.

Polkovnik Vüsal Ələkbərov qısa şəkildə bunları deməklə ifadə verməkdən imtina edib:

“Mən əmrlərin icrasına görə məsuliyyət daşıyan şəxs olmuşam. Konkret bu halda da, Müdafiə nazirinin, nazir müavininin, Baş Qərargah rəisinin, korpus komandirinin, Hərbi Prokurorluğun verdiyi göstərişləri icra etmişəm. Özümü tam təqsirsiz bilirəm. Məhkəmənin sonuna qədər də ifadə vermək niyyətim yoxdur”.

Onun istintaqdakı ifadəsi elan olunub. Həmin ifadədə isə o, özünü qismən təqsirli bildiyini söyləyib.

Vüsal Ələsgərov bildirib ki, hadisələr baş verməmişdən bir neçə gün əvvəl 1-ci korpusun rəhbəri, general-mayor Hikmət Həsənov iclas keçirib, düşmənlə əlaqəyə girən şəxslərin aşkar olunmasını tapşırıb:

“İclasda müdafiə naziri və Baş Qərargah rəisi online formada iştirak edirdilər. Bundan sonra hərbi hissədə şübhəli hərəkət edən hərbçilərin təqibinə başlandı. Qarşıdakı günlərdə korpusun hüquqşünası Fuad Ağayevin də iştirakı ilə şübhəli hərbçilər gözləri və qolları bağlı şəkildə işgəncə verilən hərbi hissələrə göndərildi”.

Vüsal Ələsgərov istintaqa ifadəsində deyib ki, işgəncə verilən hərbi hissədə olduğu vaxt korpus komandiri Hikmət Həsənov, müavini Babək Səmidli və Tərtər prokurorluğunun əməkdaşları da orada idi. Onun ifadəsinə görə, həmin vaxt Hikmət Həsənov onunla söhbət edib dayanıqlılığı artırmağı tapşırıb:

Bundan başqa, Hərbi prokuror Xanlar Vəliyev və müavinləri də işgəncələr baş verən hərbi hissəyə gəlmişdi…”.

Vüsal Ələsgərovdan istintaqda verdiyi bu ifadəni təsdiqləyib-təsdiqləmədiyi soruşulub. O, istintaqda dediklərini məhkəmədə də təsdiqləyib. Lakin özünü qismən təqsirli bilməsi məsələsilə razılaşmayıb:

“O vaxt Dövlət Təhlükəsizliyi Xidmətində saxlanılırdım, sarsıntı keçirmişdim, ona görə elə demişəm. Özümü qətiyyən təqsirli bilmirəm. Bu işi obyektiv araşdırma üçün birinci növbədə əmr verənlərdən başlamaq lazımdır. Mənə Baş Qərargah rəisi Nəcməddin Sadıqov əmr veribsə, icra etməyə məhkumam”.

Zərərçəkmiş şəxslər Vüsal Ələsgərovun ifadə verməməsinə, sualları cavablandırmamasına etiraz ediblər. Onlar həmçinin general Hikmət Həsənov və başqa məsuliyyət daşıyan şəxslərin cəzalandırılmamasından narazılıqlarını bildiriblər.

Təqsirləndirilən şəxslərdən Ramil Qarayev və Rəşid Niftəliyev də ifadə verməkdən imtina edib. Yalnız Rüstəm Ələsgərov ifadə verməyə razılaşıb. O bildirib ki, hərbçilərə işgəncə verilməsində qətiyyən rolu olmayıb. Onun sözlərinə görə, birlikdə mühakimə olunduğu üç təqsirləndirilən şəxsi həbsdən sonra tanıyıb.

Rüstəm Ələsgərovun sözlərinə görə, Tərtərdə hərbçilərə işgəncə verildiyi iddia olunan ikimərtəbəli binanın mühafizəçisi olub:

Mən əsgərəm, əmr icra edirəm. Məni heç binaya yaxın buraxmırlar, harda kiməsə işgəncə vermişəm? Biri generaldı, birinin başqa vəzifəsi var deyə, gedib evində rahat yatır, mən yetiməm, heç kimim yoxdur, yükləyiblər üstümə. Mən binaya girə bilirdim? Mən briqada komandiri olmuşam? Yoxsa kəşfiyyatın rəisiyəm? Hardadır onlar? Onları niyə tutmayıblar? Müstəntiq Qasım Məmmədov bir yetim tapıb, “1001 gecə nağılları”nı yazıb doldurub bura. Mənim üstümə 7 zərərçəkmiş, ölənlərin işini qoyublar. Ölənlərin də yaxınlarını aldadıblar, məni də. Məni o binaya ancaq içəri su üçün, şkafı çəkmək üçün çağıranda girə bilərdim. İçəri girəndə qan da görmüşəm, maskalı adamlar da, dəyənək də, köhnə paltarlar da görmüşəm. Bilirdim ki, içəridə adamlara işgəncə verirlər. KamAz maşınlarda adamlar gətirirdilər. Mən əsgərəm, əmr icra edirəm, deyirlər bu binanın mühafizəsində dayanmalısan, mən də dayanmışam. Bir dəfə binanın içində bölük yoldaşımı gördüm, dizüstə oturdulmuşdu, Abbas Axundov. Deyirdilər ki, guya düşmənə xəritə verib. Keçəndə onunla qısa söhbət eləməyə görə maskalılar mənim özümü hədələdi. Dedi ki, sən də onun yanına getmək istəyirsən? İçəridə Hərbi Prokurorluğun adamlarını da görmüşəm, Teymur Məmmədovu (hərbi hissənin komandiri-red), Hikmət Həsənovu da görmüşəm…”.

Daha sonra məhkəmə iclasında zərərçəkmişlər ifadə verib.

“Tərtər işi” üzrə işgəncə verməkdə təqsirləndirilən daha 5 nəfərin, o cümlədən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra etmiş general-mayor Bəkir Orucovun məhkəməsi yaxın günlərdə başlayacaq.

2021-ci ilin dekabrında “Tərtər işi” üzrə istintaq yenilənəndən sonra işgəncələrə görə cinayət məsuliyyətinə cəlb olunanların sayı 17 nəfərə çatıb. Bir nəfər isə axtarışdadır. Daha dörd nəfər isə icraat yenilənməmişdən öncə həbsdə idi. Sadəcə, icraat yenilənəndən sonra başqa şəxslərə qarşı işgəncələrdə də iştiraklarıyla bağlı məlumatlar üzə çıxdığına görə onlara yenidən ittiham verilib.

İcraat yenilənəndən sonra zərərçəkmişlərin sayı da artıb və 452 nəfərə çatıb.

İcraat yenilənəndən sonra dövlətə xəyanət və başqa ağır ittihamlarla 20 ilə qədər həbs cəzasına məhkum edilmiş 19 nəfərin işinə yenidən baxılıb. Onlar haqqında hökm 2022-ci ilin noyabrında ləğv edilib, işlər istintaqa qaytarılıb, 5 il sonra onlara bəraət verilib.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az