Bloger Nurlan Cəfərli polislə bağlı paylaşımından sonra həbs olunub

tərəfindən Gozetci
Foto: Nurlan Cəfərlinin arxivindən

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbarahim Əmiraslanlı Nurlan Cəfərlinin həbsi ilə bağlı açıqlama yayıb.

Bildirilir ki, Nurlan Cəfərli paytaxtın Yasamal rayonunda qanunsuz aksiyada polis əməkdaşlarının xidməti fəaliyyətinə mane olduğu, jurnalist etikasından kənar hərəkətlər etdiyi üçün ərazidən uzaqlaşdırılıb:

Qeyd olunan ərazidə aparılan digər çəkilişlərdə N.Cəfərlinin polis əməkdaşlarının xidməti fəaliyyətinə mane olmaqla kobudluq etməsi və əl hərəkətləri onları vurmağa cəhd göstərməsi müşahidə edilib. O, bu əməllərə görə polis orqanına dəvət edilməklə etdiyi hərəkətlər sübutlarla ona əyani göstərilib. Konkret sübutlar qarşısında etdiyi hərkətlərdən peşiman olduğunu bildirən N.Cəfərli barəsində toplanan materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib”.

* * *

Nurlan Cəfərli polisin qanuni tələbinə tabe olmamaqda ittiham edilir

Müxtəlif internet televiziyalarıyla əməkdaşlıq edən bloger Nurlan Cəfərli həbs olunub. Onun haqqında Yasamal Rayon Məhkəməsində 15 günlük inzibati həbs qərarı çıxarılıb.

Bu barədə Meydan TV-yə məhkəmədən verilən məlumatda bildirilir ki, Nurlan Cəfərli martın 30-da axşam saat 19 radələrində hakim qarşısına çıxarılıb. Onun işinə hakim Rəşad Cavadzadə baxıb.

“Onun haqqında polis bölməsində İnzibati Xətalar Məcəlləsinin 510 (xərda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə protokol tərtib olunub”, – məhkəmədən bildirilib.

Nurlan Cəfərli martın 30-da günorta saatlarında Ədliyyə Nazirliyinin qarşısında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvlərinin keçirdiyi etiraz aksiyasını lentə alan jurnalistlər arasında olub. O, aksiyadan sonra “Facebook” hesabından Daxili İşlər Nazirliyinə və nazirliyin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyevə müraciət ünvanlayıb. Müraciətində göstərib ki, etiraz aksiyasında media nümayəndəsi kimi, “Time TV” kanalı üçün çəkiliş apararkən polis zorakılığına məruz qalıb, telefonu sındırılıb:

Bu videodakı özünə və vəzifəsinə hörmət qoymayan mülki geyimdə olan polis əməkdaşı öncə mənə zərbə vurdu, daha sonra belimdən yapışıb “padnoşka” adlanan güləş fəndi ilə yerə çırpdı. Telefonum düşüb ekranı çatladı. Bu telefonu yeni düzəltdirmişəm dostumuz Səfiyar Müzəffər bəyə. Hələ də 75 manatını maaş alanda ödəyəcəyimi bildirib, borclu qalmışam. İndi mənim bu telefonumun pulunu ödəməmiş kim düzəltdirəcək?

Məni ən yuxarı səviyyədə əməkdaşlarınız çox gözəl tanıyır, mənim damarıma basmağın heç kim üçün yaxşı bitməyəcəyini də gözəl bilirsiz. Şəxsən ictimaiyyət qarşısında söz verirəm, o polis nəfəri ya mənimlə əlaqəyə keçib öz maaşı ilə gedib mənim telefonumu düzəldəcək, ya da onun başına gətirəcəyim oyunlara görə “polisə qarşı zorakılıq” maddəsilə məni həbs edəcəksiniz…”.

Bu müraciətdən iki saat sonra Nurlan Cəfərli həbs olunub.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az