Avropa Məhkəməsi Azərbaycanla bağlı 4 qərarını elan edib

tərəfindən Gozetci

Hökumət ərizəçilərə təzminat ödəməlidir

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) martın 2-də Azərbaycandan göndərilmiş ərizələr üzrə 4 yekun qərar və qərardadını elan edib.

“Əyyubzadə Azərbaycana qarşı” – işi 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı olan ərizəçi Orxan İbrahiməjdər oğlu Əyyubzadənin saxlanılması və məhkəməyə qədər həbs edilməsi ilə bağlıdır.

Müxalif fəal olan ərizəçi 2013 və 2014-cü illərdə hökumət əleyhinə keçirilmiş nümayişlərdə iştirak etdiyinə görə inzibati həbs cəzası çəkib.

2014-cü ildə cəzası başa çatdıqdan sonra azadlığa buraxılmalı olsa da, “dövlət məmuruna müqavimət və ya zorakılıq” ittihamı ilə yenidən həbs olunub.

O, ittihamlarda təqsirli sayılıb, iki il müddətinə azadlıqdan məhrum edilib.

Ərizəçi 2015-ci ildə prezidentin əfv fərmanı ilə azadlığa buraxılıb.

Konvensiyanın 5-ci (azadlıq və təhlükəsizlik hüququ) və 18-ci (hüquqların məhdudlaşdırılmasından istifadənin məhdudlaşdırılması) maddələrinə əsaslanan ərizəçi, saxlanılmasının və həbsinin cinayət əməli törətdiyinə dair əsaslı şübhələrə əsaslanmamasından və ona qarşı irəli sürülən ittihamların uydurma olmasından şikayət edib.

Məhkəmə bu işdə ərizəçinin azadlıq və toxunulmazlıq hüququnun (maddə 5.1) pozulmasına qərar verib.

Qərara görə, hökumət ərizəçiyə mənəvi zərərə əvəzi 7 min 500, xərc və məsrəflər əvəzi 1700 avro təzminat ödəməlidir.

“Əfqan Muxtarlı və Gülağa Aslanlı Azərbaycana qarşı” – məhkəmə işi ərizəçilərin kiçik xuliqanlıq ittihamı ilə etiraz nümayişindən əvvəl tutulması, saxlanması və sonradan inzibati qaydada məhkum edilmələri ilə bağlıdır.

Polis bölməsində saxlandıqdan sonra ərizəçilər məhkəməyə gətirilib, məhkəmə jurnalist olan ərizəçi Ə.Muxtarlını inzibati qaydada 50 Azərbaycan manatı (AZN) məbləğində cərimələyib.

Müxalifət partiyasının üzvü olan ikinci ərizəçi isə inzibati qaydada 20 AZN məbləğində cərimə olunub.

Konvensiyanın 5-ci və 6-cı maddələrinə əsaslanan ərizəçilər onların tutulmasının və polisdə saxlanılmasının qanunsuzluğundan, ölkədaxili məhkəmə proseslərin ədalətsizliyindən şikayət edib.

İkinci ərizəçi həmçinin, sərbəst toplaşmaq hüququnun pozulmasından da şikayət edib.

AİHM bu işdə hər iki ərizəçiyə münasibətdə azadlıq və toxunulmazılıq (5.1) və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulmasına qərar verib.

Məhkəmə Gülağa Aslanlıya münasibətdə birləşmək hüququnun pozuntusunu da tanıyıb.

Qərara əsasən, hökumət ərizəçilərin hər birinə mənəvi zərər əvəzi 3 min, xərc və məsrəf əvəzi ümumilikdə 1000 avro təzminat ödəməlidir.

“Beynəlxalq Tədqiqat və Mübadilə Şurası (İREX) Azərbaycana qarşı” – işində ərizəçi beynəlxalq humanitar təşkilat olan IREX-in Azərbaycandakı nümayəndəliyi idi.

Ərizə ərizəçinin ofisində axtarış aparılması və bütün sənədlərin və kompüterlərin hakimiyyət orqanları tərəfindən götürülməsinin qanunsuzluğun iddiaları ilə bağlıdır.

Ərizəçi təşkilat bir neçə yerli QHT və beynəlxalq təşkilatların nümayəndəliklərinə qarşı başlanmış cinayət işi çərçivəsində bank hesabının dondurulmasının qanunsuzluğundan da şikayət edib.

Şikayətdə Konvensiyanın 6-cı, 8-ci, 18-ci və 1 saylı protokolun 1-ci maddələrinin pozuntusu qaldırılıb.

Məhkəmə bu işdə hesab edib ki, ərizəçinin bank hesablarına həbs qoyulması ilə onun mülkiyyət, ərizəçinin ofisində axtarış və götürmə aparılması ilə Konvensiyanın 8-ci maddəsi ilə təminat altına alınan şəxsi həyata hörmət hüququ pozulub.

Qərar ərizəçiyə 5 min 900 avro mənəvi zərərə əvəzi ödənilməsini nəzərdə tutur.

“Hüseynov və başqaları Azərbaycana qarşı” – məhkəmə işində ədalətli məhkəmə araşdırması və birləşmək azadlığı hüququnun pozuntusu qaldırılmışdı. Kommunikasiya mərhələsində tərəflər dostca anlaşıblar.

Anlaşmanın şərtlərinə görə, hökumət 6 ərizəçiyə təzminat ödəməlidir.

Ərizəçilərdən Ağababa Cəfərov, Səxavət Nəsibov, Ruslan Əmirov və Rəfael Hüseynzadənin hər birinə 2300 avro mənəvi zərər əvəzi və ümumilikdə 2200 avro xərc, məsrəf əvəzi ödənilməlidir.

Ərizəçilərdən Füzuli Hüseynova 2250 avro məbləğində mənəvi zərər, 600 avro məbləğində xərc, məsrəf əvəzi ödənilməlidir.

Dostca anlaşmaya əsaslanan qərardad 6-cı ərizəçi Şahin Məhərrəmliyə 2150 avro məbləğində mənəvi zərər, 700 avro məbləğində xərc və məsrəf əvəzi ödənilməsini nəzərdə tutur.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az