“Oğlum danışa bilməsə də, işarələrlə başa salırdı ki, onu döyüblər”

tərəfindən Gozetci

Reabilitasiya mərkəzində döyüldüyü iddia olunan uşağın anası təzminat tələb edir

“Gecə mərkəzdə uşaqlara işgəncə verildiyi ilə bağlı yazı paylaşmışdılar. Mənim uşağımın şəkili qoyulmuşdu. Həmin vaxtı bildim ki, mənim oğlumu döyüblər”,- bunu Meydan TV-yə “Mehnur” Reabilitasiya Mərkəzində işgəncəyə məruz qalan 4 yaşlı Cavid Cəbrayılovun anası Səbinə Qasımova bildirib.

Onun sözlərinə görə, övladı eşitmə problemlidir. Övladını əvvəlcə başqa psixoloji mərkəzə aparsa da, imkansızlıqdan və evlərinə yaxın olduğu üçün bu mərkəzi seçib. Azyaşlı 2 aydır ki, bu reabilitasiya mərkəzində müalicəyə gedir.

“Mərkəzin otaqlarında kamera quraşdırılmışdı, izləyə bilirdik. Hadisə kameranın olmadığı ərazidə baş verib. Uşağın bədənində yara izləri vardı. Oğlum danışa bilməsə də, işarələrlə başa salırdı ki, onu döyüblər”, – ana bildirir.

Şikayətçi deyir ki, mərkəzə hər dəfə müalicə üçün 30 manat ödəyib:

“Kirayədə qalıram, 30 manatı ona görə ödəmirdim ki danışa bilməyən uşağımı döysünlər. Uşaq travma alıb, elə biz də o görüntülərdən sonra sarsıntı keçirtmişik. Oğlumun bədənində 5 qəpiklik boyda yara izi qalıb. Həyət evində yaşamırıq ki, deyim uşaq yıxılıb zədə alıb. Mənim oğlumla bərabər başqa bir uşağı da döyüblər. Görüntüləri mərkəzin hansısa bir əməkdaşı çəkib. Yaxşı ki, çəkiblər. Yoxsa xəbərimiz olmazdı”.

Şikayətçi ona köməklik göstərilməsini, oğlunun müalicəsinə yardım edilməsini, günahkarların cəzalandırılmasını istəyir:

“Mən bilmirəm, o mərkəzin direktoru kimdir, heç vaxt ünsiyyətdə olmamışam. Uşaqlara işgəncə verən qadınlardan biri qeydiyyat şöbəsində işləyir, pulu ona verirdim. Pulumun geri qaytarılmasını istəyirəm. Uşağa yaşadılan travma üçün müalicəsi və mənəvi təzminat da ödənilməlidir”.

DİN-in məlumatına görə, mərkəzin psixoloqu Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli saxlanılıb.

Faktla bağlı Nizami Rayonu Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133-cü maddəsi ilə cinayət işi açılıb.

Sosial şəbəkələrdə görüntülərin bir neçə ay əvvəl qeydə alındığı yazılıb. Lakin adını açıqlamaq istəməyən mərkəz əməkdaşı Meydan TV-yə deyib ki, görüntülər yeni işçi tərəfindən çəkilib. Həmin işçi direktorun işgəncə faktlarından xəbərsiz olduğunu düşünüb və görüntüləri ona göstərib. Nəticədə direktor onu işdən qovub:

“O da bir həftə sonra görüntüləri yayıb”.

Görüntülər yayılandan sonra valideynlər mərkəzin qarşısına gələrək açıqlama tələb ediblər. Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, o cümlədən QHT-lərin nümayəndələrindən ibarət yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın alt işçi qrupu araşdırma aparır.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az