DİN Əlizamin Salayevin aclıq etdiyini təsdiqləyir

tərəfindən Gozetci

Beynəlxalq Qırmızı Xaç Komitəsi AXCP üzvü ilə görüşüb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan şöbəsinin həbsdə olan sədri Əlizamin Salayevin on gündən çoxdur aclıq etdiyi bildirilir. Bu barədə Meydan TV-yə AXCP-dən məlumat verilib.

Məlumata görə, Əlizamin Salayev həm qanunsuz həbsinə, həm də oğlunun avtomobilindən oğurluqla bağlı obyektiv araşdırma aparılmamasına, oğurlanmış qızıl-zinət əşyalarının tapılıb qaytarılmamasına etiraz olaraq aclıq edir.

İyulun 21-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Əlizamin Salayevlə görüşüb. Onun durumu və saxlanma şəraitilə maraqlanıblar.

Əlizamin Salayev Salyan Eayon Polis Şöbəsində saxlanılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elsan Zahidov da Meydan TV-yə AXCP fəalının aclıq etdiyini təsdiqləyib. Lakin DİN rəsmisi Əlizamin Salayevin iki gündür aclıq etdiyini bildirib.

“Bu gün Beynəxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ona baş çəkiblər. Durumu və saxlanma şəraitindən heç bir narazlıqlarını ifadə etməyiblər”, – Elsan Zahidov əlavə edib.

AXCP fəalı iyulun 7-də həbs edilib. Onun barəsində Salyan Rayon Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) maddəsilə 30 sutkalıq həbs qərarı çıxarılıb.

Əlizamin Salayev iyulun 7-də günorta saatlarında Salyan şəhərindəki mərkəzi parkda etiraz aksiyası keçirərkən “Facebook” hesabından canlı yayım açıb. O bildirib ki, oğlu Oqtay Salayevin avtomobilindən xeyli vaxtdır oğurluq olub. Lakin cinayətin üstü açılmır. O, Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edərək, Salyan rayon Polis Şöbəsinin rəisi Nəzər Əsgərovdan şikayətlənib.

Canlı yayım davam etdiyi vaxt polis əməkdaşları yaxınlaşıb, daha sonra Əlizamin Salayev Salyan Rayon Polis Şöbəsinə aparılıb. Təxminən 4-5 saat sonra isə onun haqqında həbs qərarı verildiyi məlum olub.

Daxili İşlər Nazirliyinin onun həbsilə bağlı yaydığı məlumatda iddia olunur ki, Əlizamin Salayev sərxoş vəziyyətdə mərkəzi parkda ictimai asayişi pozub, səs-küy salıb. Polis əməkdaşları onu intizama dəvət etsələr də, onların qanuni əmrinə tabe olmayıb, müqavimət göstərib. Bu səbəbdən saxlanılaraq, Salyan Rayon Polis Şöbəsinə gətirilib. Orada barəsində inzibati protokol tərtib edilib, ardınca da məhkəməyə aparılıb.

Lakin AXCP fəalı həmin vaxt sərxoş olması haqda deyilənləri təkzib edib. Deyib ki, parkda canlı yayım edərkən nitqindəki qüsurlar qanında şəkərin qalxması nəticəsində olub, həmin vaxt içkili olması haqda məlumat yalan və böhtandır. O, qanında şəkərin kritik həddə olduğunu bildirib.

Əlizamin Salayev oğlunun avtomobilindən təxminən 850 manatlıq qızıl-zinət əşyalarının oğurlandığını deyir. O, baş verənlərə görə polis əməkdaşlarını ittiham edir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Nizam Həmidov bildirib ki, AXCP fəalının 21 yaşlı oğlu fevralın 8-də idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona 150 manat cərimə təyin olunub. O, cəriməni uzun müddət ödəməyib. Ona görə həmin məbləğ dəbbə ilə birlikdə 240 manata çatıb:

“İyunun 29-da Oqtay Salayev idarə etdiyi avtomobilin arxa dövlət qeydiyyat nişanı olmadığına və təhlükəli konstruksiya dəyişikliyi etdiyinə görə yol polisi tərəfindən saxlanılıb. Bu xətaya görə onun barəsində növbəti inzibati xəta protokol tərtib edilib. Hal şahidlərinin iştirakıyla avtomobilinə baxış keçirildikdən sonra nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilib”.

Əlizanib Salayev haqqında 30 sutkalıq inzibati həbs qərarından apelyasiya şikayəti verilsə də, nəticə dəyişməyib. Şirvan Apelyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.

AXCP fəalı bundan əvvəl də dəfələrlə polisə müqavimət ittihamıyla inzibati qaydada həbs edilib. 2020-ci il aprelin 20-də Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə 2 il 3 ay azadlıqdan məhrum edilib. O, Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılıb.

Əlizamin Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi Həmzə Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edirdi.

Video yayılandan az sonra Əlizamin Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bildirmişdi. İnzibati həbsdən çıxandan az sonra səhhətindəki problemlərlə əlaqədar əməliyyat olunmuşdu.

Ardınca da Həmzə Əzizov ona qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıraraq, həbsini tələb etmişdi.

Videoda haqqında bəhs olunan qadın Həmzə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il azadlıqdan məhrum edilib. O, Həmzə Əzizovun ona qarşı zorakı hərəkətlərindən müdafiə olunmaq üçün onu vurduğunu bildirib. Polis əməkdaşı isə haqqında deyilənləri təkzib edib.

Əlizamin Salayev bir neçə gün öncə Milli Məclisin binasına deputat Fəzail Ağamalı üçün yeşiklərdə gilas gətirməsiylə də gündəmə gəlmişdi.

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az