Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfried bu gün SMDT rəhbəri Anar Məmmdli, “German Marshall” Fondu ölkə üzrə məsləhətçisi Mehriban Rəhimli və hüquqşünas Şəhla Hümbətova ilə görüşüb.
Görüşdə Azərbaycanda İnsan Hüquqlarının vəziyyəti, qanunun aliliyi, vətəndaş cəmiyyəti təşkilatları və siyasi partiyaların fəaliyyət imkanları, eləcə də, müstəqil medianın durumu ilə bağlı məsələlər müzakirə edilib.
Dövlət katibinin köməkçisi görüş zamanı qeyd etmişdir ki, ABŞ regionda davamlı sülhün təmin edilməsi, insan hüquq və əsas azadlıqlarına hörmətin gücləndirilməsi, demokratik seçki prosesləri və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Azərbaycan tərəfindən gəstərilən səyləri dəstəkləməyi davam edir.
Bundan başqa, görüşdə Ermənistan – Azərbaycan münaqişəsinin həlli və vətəndaş cəmiyyətinin rolu ilə bağlı fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Karen Donfried iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Donfrid Prezident Əliyevlə görüşü zamanı Donfrid Azərbaycan və ABŞ arasında son 30 il ərzində iqtisadiyyat, energetika, təhlükəsizlik və digər sahələrdə aparılan tərəfdaşlığı müzakirə edib.
Qeyd edək ki, iyunun 17-də Donfrid Tbilisiyə səfər edəcək və prezident Salome Zurabişvilinin təşkil etdiyi Tbilisi Beynəlxalq Qadın Konfransında çıxış edəcək.
İyunun 18-də isə Yerevana gedecək və orada baş nazir Nikol Paşinyan və digər hökumət rəsmilərilə görüşəcək.