Mayın 14-də ictimai fəalların keçirəcəyi etiraz aksiyasının təşkilatçılarından olan “Müdafiə Xətti” İnsan Hüquqları Təşkilatının icraçı direktoru Rüfət Səfərovun ailəsinə hədə dolu telefon zəngi olub.
“Bu gün Prezident Administrasiyasında vəzifəli şəxsin adından atam Eldar Sabiroğluna zəng edib hədə-qorxu gəliblər. Bildirblər ki, oğlu, yəni mən aksiyaya çıxsam həbs edəcəklər, amma sərbəst buraxmayacaqlar”, deyə Rüfət Səfərov qeyd edib.
Rüfət Səfərov zəng edən şəxsin kim olduğunu deməyib.
“Atam xəstədir. Həmin şəxsin adı və vəzifəsi məlumdur. Bu şəxs digər vasitəçi şəxlə atama zəng edib. Həmin şəxs açıq mətnlə danışıb. Bu yolla xəstə atamda həyəcan yaradıblar, onun səhhəti daha da pisləşib. Lazım gələrsə, həmin şəxsin adını ictimaiyyətə açıqlayacağam”, deyə Səfərov bildirib.
O, sabah dinc aksiyada iştirak edəcəyini bildirib.
Bir qrup ictimai fəal mayın 14-də Bakının Fəvvarələr Meydanında etiraz aksiyası keçirmək barədə qərar qəbul edib. Aksiya ictimai-siyasi xadimlərə qarşı artan fiziki zorakılıq və təhdidlərə qarşı etiraz məqsədi daşıyır.
Təşkilat Komitəsinin müraciətində deyilir ki, ictimai-siyasi fəallar, jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri son zamanlar Azərbaycanda tanınmış ictimai-siyasi şəxslərə qarşı törədilmiş cinayətlərə, artan zorakılığa və cəzasızlığa etiraz edirlər.
Aksiyanın Təşkilat Komitəsinə 24 ictimai fəal daxildir.
Öz növbəsində, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, ölkədə ictimai-siyasi proseslər qanunla tənzimlənir.
“Qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb sanksiyalaşdırılmayan hər hansı qanunsuz aksiyanın, yaxud aksiyaya cəhdlərin qarşısı alınacaq”, deyə o qeyd edib.
Turan