MEDİA Aytən Məmmədovaya hücumla bağlı açıqlama yayıb

tərəfindən Gozetci

 

Medianın İnkişafı Agentliyi (MEDİA) jurnalist Aytən Məmmədovanın hücuma məruz qalması ilə bağlı açıqlama yayıb.

Qurum bildirir ki, mayın 8-də Binəqədi rayonu ərazisində, yaşadığı binanın blokunda hücuma məruz qalan jurnalist Aytən Məmmədova ilə əlaqə saxlanılıb, onun vəziyyəti barədə ətraflı məlumat əldə olunub.

“Telefon danışığı zamanı bildirilib ki, Medianın İnkişafı Agentliyi baş verən hadisəyə həssaslıqla yanaşır və diqqətdə saxlayır. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə, onların təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdi”, açıqlamada qeyd olunub.

Bildirilir ki, Medianın İnkişafı Agentliyi tərəfindən məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlanılıb və məsələ nazirliyin nəzarətindədir.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini polis polkovniki Vüqar Ələkbərov Aytən Məmmədova ilə görüşüb.

Jurnalist deyib ki, görüş zamanı rəis müavininə hadisə barədə ətraflı məlumat verib:

“Hazırda isə Binəqədi Rayon Polis İdarəsinin İstintaq idarəsinə gedirik. Araşdırmalar davam edir”.

Mayın 8-i gecə saatlarında jurnalist Aytən Məmmədovaya bıçaqla hücum olub. Jurnalist bildirib ki, ona hücum edən şəxs bıçağı boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə hədələyib, yazmamasını tələb edib. Jurnalist A. Məmmədova məhkəmələrdən hazırladığı reportajları ilə tanınır. Onun son zamanlar ən çox ictimailəşdirdiyi iş İlkin Süleymanovla bağlı məhkəmə işidir.

Xatırladaq ki, İlkin Süleymanov Tovuzun Dondarquşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə ittiham olunur. Məhkəmə prosesi 2 ildir davam edir.

Toplum TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az