Nizami kənd sakinləri yolsuzluqdan əziyyət çəkdiklərini deyirlər
Sabirabad rayonunun Nizami kənd sakinləri yolun vəziyyətindən gileylidirlər. Deyirlər, qışda palçıqdan, yayda toz-torpaqdan keçmək olmur. Uşaqlar dərsə yalnız maşınlarla gedə bilirlər.
Sakinlərdən Əliqismət Əlibalaoğlu Meydan TV-yə deyib ki, hələ 5 il əvvəl yolun təmiri, asfalt döşənməsi nəzərdə tutulub.
“Bunu yolçəkənlər bilirlər, asfalt döşənmədən əvvəl yer hazırlanır, özülü möhkəmlənir. Dağ torpağı gətirildi, çınqıl döşəndi. Nizamidən Moranlı kəndinə kimi yol hazırlandı, amma asfalt vurulmadı. Yol xidmətinin “qaynar xətt”inə müraciət etdik, dedilər ki yola asfalt döşənib. Yəni sənədlərdə yolun tam hazır vəziyyətdə olduğu qeyd edilib, halbuki asfalt örtüyü döşənməyib”, -şikayətçi söyləyib.
Ə.Əlibalaoğlu deyib ki, asfalt örtüyünün döşənməsi üçün 5 ildir gözləyirlər:
“Qışda uşaqlar əziyyət çəkirlər. Məktəb kəndin üç kilometrliyində yerləşir. Kimin avtomobili varsa, uşaqları dərsə apara bilir. Hacıqabul-Horadiz yolunun üstündə yerləşən kənddə yolun bu vəziyyətdə olduğundan hamı xəbərdardır”.
Sabirabad Rayon İcra Hakimiyyətindən bildiriblər ki, yolun kimin balansında olduğunu öyrənmədən sualı cavablandıra bilməzlər. İcra hakimiyyətindən əlavə ediblər ki, buna baxmayaraq hər bir halda bütün yollar mərhələlərlə təmir edilir.
Meydan TV