Məhkəmə Oqtay Gülalıyevin ailəsinin şikayətini təmin edib

tərəfindən Gozetci

Ailə həkimlərin cəzalandırılmasında israrlıdır

2019-cu ilin oktyabrında avtomobillə vurulandan sonra komaya düşən və bu günə qədər sağalmayan hüquq müdafiəçisi Oqtay Gülalıyevin ailə üzvləri onun müayinə və müalicəsilə məşğul olmuş həkimlərin cəzalandırılmasında israrlıdır. Hüquq müdafiəçisinin xanımı Firuzə Gülalıyeva həkim heyətinin haqqında cinayət işi başlamaqdan imtina edən Nəsimi Rayon Prokurorluğunun 2021-ci ilin aprelində verdiyi qərardan məhkəməyə şikayət etmişdi. Aprelin 13-də Nəsimi Rayon Məhkəməsində həmin şikayətə baxılıb və təmin olunub.

Hakim Solmaz Mustafayevanın çıxardığı qərara əsasən, prokurorluğun qərarı ləğv edilib. Bu barədə Meydan TV-yə vəkil Şəhla Hümbətova məlumat verib.

“Məhkəmə Oqtay Gülalıyevin müayinə və müalicəsi ilə məşğul olmuş həkim heyəti haqqında cinayət işi başlanmasının rədd edilməsinə dair qərarı ləğv etdi. İş əlavə araşdırma aparılması üçün prokurorluğa göndərildi”, – Şəhla Hümbətova bildirib.

Vəkil əlavə edib ki, həkim səhlənkarlığı, müalicədəki səhvlər barədə yüzlərlə şikayət olsa da, həkimlər və klinikalar adətən cəzalandırılmır.

Başqa bir vəkil Zibeydə Sadıqova isə səhlənkarlıq və səhvlərə baxmayaraq, həkimlərin məsuliyyətdən kənarda qalmasını belə izah edir: “Əslində, həkim səhvini sübut etmək asandır. Amma rəy verən ekspertiza da həmin həkimlərdən ibarətdir və Səhiyyə Nazirliyinə tabedir. O zaman hansı ekspert həkim digər həkimin yanlış olduğunu deyəcək? Çoxlu sayda işlər var ki, adamın həkim səhvi ucbatından öldüyü, yaxud sağlamlığının pozulduğu aşkardır, amma ekspert rəy verib ki, təbii proses olub…”

Oqtay Gülalıyevin həyat yoldaşı Fürizə Gülalıyeva həyat yoldaşını avtomobillə vurmaqda ittiham olunan Kənan Abdullayevin işi üzrə məhkəmə prosesində dindirilərdən hakimdən “Baku City Hospital”ın həkimlərinin də əməllərinə hüquqi qiymət verilməsini istəmişdi. O bildirib ki, həyat yoldaşının hazırkı duruma düşməyində onların da rolu var. Həyat yoldaşının fikrincə, vaxtında lazımi tibbi müdaxilələr edilsəydi, cərrahiyyə əməliyyatı gecikdirilməsəydi, Oqtay Gülalıyev komaya düşməzdi.

“Baku City Hospital”ın həkimləri isə hüquq müdafiəçisinin üzərində cərrahiyyə əməliyyatının gecikməsinə görə onun həyat yoldaşını ittiham edir.

Sözügedən avtomobil qəzası 2019-cu il oktyabrın 29-da paytaxtın 28 May və Puşkin küçələrinin kəsişməsindəki işıqforda baş verib. Hüquq müdafiəçisi piyadalar üçün yaşıl işıqda yolu keçərkən Kənan Abdullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə onu vurub. Sürücü dərhal onu Kliniki Tibbi Mərkəzə (Semaşko) aparıb. Kənan Abdullayevin sözlərinə görə, O.Gülalıyev yolda gedərkən də, xəstəxanada da danışırmış. Hətta ciddi xəsarəti olmadığını bildirərək, xəstəxanaya aparılmasına ehtiyac olmadığını da söyləyib.

Sonradan yaxınlarının istəyilə onu Kliniki Tibbi Mərkəzdən “Baku City Hospital”a köçürüblər, orada beyin əməliyyatı keçirib. Oradan da Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. Bir neçə gün sonra isə Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün İstanbuldakı klinikaya yerləşdirilib. Bir ilə yaxın orada müalicə olunduqdan sonra 2020-ci il noyabrın 7-dən 8-nə keçən gecə Bakıya gətirilib.

Kənan Abdullayev Cinayət Məcəlləsinin 263.1.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmişin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsilə təqsirli bilinərək, 2 il 3 ay azadlıqdan məhrum edilib. Lakin bu, ehtiyatsızlıqdan baş vermiş cinayət olduğuna görə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Bu kateqoriyadan olan cinayətlərdə cəza 5 ilə qədər olduqda məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilir.

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az