Azərbaycanla AŞ arasında imzalanan Fəaliyyət Planında hansı insan hüquqlarına toxunulur?

tərəfindən Gozetci

 

Foto: Trend.az

5 aprel 2022-ci il tarixdə Bakıda Azərbaycanla Avropa Şurası arasında 2022-2025-ci illəri əhatə edən Fəaliyyət Planı təqdim edilib. Plan Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən fevralın 16-da qəbul olunub. Sənəd Azərbaycanda olan mövcud qanunvericiliyin və onun praktikasının insan hüquqları, qanunun aliliyi və demokratiya sahəsində Avropa Şurasının standartlarına uyğunlaşdırılması ilə bağlı məsələləri əhatə edir.

Fəaliyət Planı çərçivəsində Avropa Şurası Vəkillər Kollegiyasının müstəqilliyinin artırılmasına yönəlmiş səyləri və xüsusilə regionlarda praktiki hüquqşünasların sayının artırılması məqsədilə Vəkillər Kollegiyasının normativ-hüquqi bazasında islahatları dəstəkləyəcəyini qeyd edib.

Həmçinin sənəddə AİHM qərarlarının icrası üzrə yerli sistemin daha da təkmilləşdirilməsinə ehtiyacın olduğu vurğulanıb. Qeyd olunub ki, Avropa Şurası bununla bağlı Azərbaycanın müvafiq dövlət  orqanları ilə məsləhətləşmələr aparmağa və AİHM qərarlarının icrasında iştirak edən yerli qurumlara texniki yardımlar göstərməyə hazırdır.

Avropa Şurası Planda sərbəst toplaşmaq azadlığı ilə bağlı müvafiq müddəaların praktikada da həyata keçirilməsinin zəruriliyini vurğulayaraq bu istiqamətdə Azərbaycan hakimiyyətinə kömək göstərməyə hazır olduğunu bildirib. İfadə və media azadlığı ilə bağlı isə qeyd olunub ki, bu sahələrdə qanunvericiliyin və təcrübənin Avropa Şurasının standartlarına uyğun təkmilləşdirilməsi zərurəti hələ də aktual olaraq qalır.

Azərbaycanda insan hüquqlarının pozuntularının monitorinqini aparan müstəqil qeyri-hökumət təşkilatlarından olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) isə insan hüquqlarının vəziyyəti ilə bağlı son hesabatında bildirir ki, son illər və xüsusilə də, 2021-ci il ifadə və sərbəst toplaşmaq azadlıqları artan təzyiqlərə tuş gəlib və müvafiq olaraq bu sahələrdə çoxlu pozuntulara rast gəlinib.

SMDT-nin insan hüquqlarının vəziyyəti ilə bağlı hesabatının tam mətni ilə buradan tanış olmaq mümkündür

Planda Avropa Şurası məişət zorakılığının və qadınlara və qızlara qarşı zorakılığın qarşısının alınması və xüsusilə də, mediada gender bərabərliyinin təşviqi ilə bağlı ictimaiyyət arasında maarifləndirmə işinin zəruriliyini vurğulayıb. Qeyd olunub ki, gender bərabərliyi nöqteyi-nəzərindən KİV haqqında qanunvericiliyə yenidən baxılmış və onun Avropa Şurasının standartlarına uyğunlaşdırılması üçün səlahiyyətli orqanlara tövsiyələr verilmişdir.

Fəaliyyət Planında həm də qeyd olunub ki, yerli məhkəmə və media arasında qarşılıqlı əlaqənin artırılması, məhkəmələrdə və prokurorluq orqanlarında mətbuat əlaqələrinin peşəkarlaşdırılması və ədalət mühakiməsi sisteminin şəffaf, görünən və başa düşülən olmasını təmin etmək məqsədilə Avropa Şurası Azərbaycan ədliyyə sisteminə köməklik göstərəcək.

 

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az