Ukraynadan gələn azərbaycanlının Yevlax polisində özünü asdığı bildirilir

tərəfindən Gozetci

İlham Əsgərov narkotik saxlama şübhəsi ilə saxlanılıbmış

Yevlax rayon sakini, 55 yaşlı İlham Fazil oğlu Əsgərovun rayon polis şöbəsində öldüyü bildirilir. Hadisə aprelin 9-da baş verib. Yevlax Rayon Prokurorluğu faktla bağlı Cinayət Məcəlləsinin 125-ci – özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlayıb.

Məlumatda bildirilir ki, İlham Əsgərov Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasında 2 qatlı çarpayıdan özünü asıb.

Prokurorluğun məlumatına görə, istintaqçılar müvəqqəti saxlama təcridxanasında intiharın necə baş verməsini araşdırıblar. Məlum oub ki, İlham Əsgərov aprelin 8-də axşam saatlarında narkotik saxlama şübhəsi ilə polis şöbəsinə gətirilib. Müvəqqəti saxlama təcridxanasına yerləşdirilməzdən əvvəl kəməri və ayaqqabılarının ipləri alınıb. Şalvarının altında idman geyimi və geyimin belbağı ola biləcəyinə əhəmiyyət verilməyib. Müvəqqəti saxlama təcridxanasında, İlham Əsgərovun saxlanıldığı otaqda quraşdırılan müşahidə kamerasının yaddaşı istintaqçılar tərəfindən incələnib. Kamera görüntülərindən aydın olub ki, aprelin 9-da, günorta saatlarında İlham Əsgərov idman geyiminin belbağını açır və bir ucunu boğazına dolayır, bir ucunu isə çarpayıya bərkitməklə özünü boğmağa çalışır. O, özünü öldürmək üçün bir neçə uğursuz cəhd edir. Təxminən yarım saata yaxın davam edən cəhdlərdən sonra o, həyatına son qoya bilir.

İstintaqla o da müəyyən olunub ki, həmin vaxt Polis Şöbəsinin növbətçi hissəsində müvəqqəti saxlama təcridxanasına müşahidə videokamerası ilə nəzarət edən polis əməkdaşı nahar edirmiş.

55 yaşlı İlham Əsgərovun uzun illər Ukraynada yaşadığı, Rusiyanın Ukraynaya hucumundan sonra Azərbaycana, Yevlaxda yaşayan qardaşlarının yanına qayıtdığı bildirilir.

Yevlax Rayon Prokurorluğundan Meydan TV-yə bildiriblər ki, intihar faktı ilə bağlı araşdırmalar davam edir. Yevlax Polis Şöbəsinin Növbətçi Hissəsinin əməkdaşlarının istintaqa cəlb ediləcəyini də istisna etməyiblər.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az