“İlkin uşağı tanınmaz hala salmaq istəyirdisə, o paltarları ora niyə atırdı? Məqsəd meyiti İlkingilin evinin yanına atıb, cinayəti də onun üzərinə qoymaq olub”
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın oğurlanması və 47 gün sonra yandırılmış meyitin tapılmasıyla bağlı məhkəmə araşdırmaları martın 30-da davam etdirilib. Bu iş üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyilə keçirilən məhkəmə iclasında təqsirləndirilən İlkin Süleymanovun əmisi oğlu Murad Süleymanov şahid qismində dindirilib.
Murad Süleymanov əvvəllər Tovuz Rayon Polis Şöbəsinin Post-Patrul bölüyünün polis nəfəri olub.
O, ifadəsində bildirib ki, Nərmin Quliyevanın itkin düşdüyünü 2019-cu il noyabrın 22-də eşidib. Uşağın axtarışlarında rəhbərliyin göstərişilə bir neçə dəfə özünün də iştirak etdiyini deyən Murad Süleymanovun sözlərinə görə, axtarışlar əsasən, kənddəki əkin sahələrində, çöllük ərazilərdə aparılırdı:
“Uşaq itkin olduğu dövrdə kənddəki evlərdə axtarış aparılmırdı. Axtarış ancaq uşağın atası Şərif Quliyevin atasıgilin, qardaşıgilin evlərində olmuşdu. Bizim bölük komandiri Vüqar Hüseynov idi. Komandirimiz göstəriş verirdisə, mən də axtarışda iştirak edirdim. 2-3 dəfə iştirak etmişəm, əkin sahələrini axtarmışıq. Evlərdə axtarışları nə görmüşəm, nə də iştirak etmişəm. Evlərdə axtarışlar meyit tapılandan sonra aparılıb”.
Prokuror Murad Süleymanovdan soruşub ki, niyə evlərdə yox, əkin sahələrində axtarış aparılırdı? O, belə cavab verib:
“Mən bu suala cavab verə bilmərəm. Mən polis nəfəri kimi, verilən əmrə tabe idim. Bizə deyirdilər ki, filan yerdə axtarış aparılsın, biz də ora gedirdik. 2-3 dəfə axtarışda mən iştirak eləmişəm. Şərif Quliyevgilin evinin qarşısında post olurdu, əmr olanda mən də o posta çıxırdım. O postun niyə qoyulduğunu mən bilmirəm”.
Murad Süleymanov təqsirləndirilən İlkin Süleymanovun əmisi oğlu olmaqla yanaşı, həm də qonşudular. O da meyitin yanmasını görüb. Bu hadisənin şahidi olan üçüncü şəxs – Nazim Vəliyev isə Murad Süleymanovun həm də dayısıdır.
O bildirib ki, əmisi oğlu və dayısı meyitin yandığını görəndən sonra polis əməkdaşı olduğu üçün ona zəng edib:
“Axşam saatları idi. Həmin gün övladımın ad günü idi. İlkinin telefonundan zəng gəldi, dedi ki, yanğın var. Çıxdım, gedib baxanda ayaqlarından başa düşdüm ki, insan meyitidir. Əsas qarın nahiyəsi yanırdı. Komandirimə zəng eləyib məlumat verdim. Dedi ki, “mən Bakıya gedirəm, rəisə xəbər ver”. Tovuz Rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərova zəng elədim. Şirzad Əsgərov soruşdu ki, meyitin üstündə qırmızı kurtka var? Yaxınlaşıb diqqətlə bir də baxanda gördüm ki, meyitin yanında qırmızı kurtka var. Bir az keçdi, Post-Patrul bölüyünün əməkdaşları, ardınca da Şirzad Əsgərovla Şahlar Cəfərov gəldi”.
Onun sözlərinə görə, Şirzad Əsgərov göstəriş verib ki, İlkin Süleymanov şöbəyə aparılsın. Murad Süleymanov vurğulayıb ki, əmisi oğlu həmin gün aparılandan sonra bir daha buraxılmayıb:
“Məni də çağırdılar, 3-4 saat orada oldum. Yanvarın 7-də bir də çağırdılar, rəisin qəbulunda oldum. Yanvarın 8-də səhər evlərə baxış keçirildi, heç nə tapılmadı. Ayın 9-da bir də baxış keçirdilər, yenə heç nə tapılmadı. 10-na keçən gecə polis əməkdaşı Azər zəng elədi ki, buradayam, “udlinitel” çıxara bilərsən? Çıxanda gördüm ki, rəis də oradadır, başqa polislər də var. Rəis dedi ki, “İlkin hadisəni necə görməsi barədə danışacaq, amma istəyir ki, evlərində heç kim olmasın, onlar çıxsın”. Gedib əmimgilə dedim, çıxmadılar. Gəlib dedim ki, çıxmırlar evlərindən. Sonra əmimi də, qızlarını da necəsə özləri çıxartdılar”.
Prokuror Murad Süleymanovdan Quliyevlərlə münasibətlərini, Nərminin anası Aynurə İsmayılova ilə aralarında borc söhbətinin olub-olmadığını soruşub. O bildirib ki, Şərif Quliyevi, qardaşlarını, eləcə də Aynurə İsmayılovanı həmkəndli kimi tanıyıb, onlarla yaxın münasibəti olmayıb:
“Arada kafeyə gedirdim, ordan bilirdim ki, Aynurə “Çinar” kafesində işləyir. Münasibətimiz yaxın olmayıb. Bir dəfə Aynurə kafedə məndən pul istəyib, verməmişəm”.
Prokuror ondan meyitin yanmasını İlkin Süleymanovun telefonla videoya çəkməsini də soruşub.
“Biz İlkinə dedik ki, çəksin, istintaqa lazım olar. İşdə də bizə demişdilər ki, hadisə görəndə çəkin. Meyiti üstünə torpaq töküb söndürdük. Biz əlimizlə tökürdük, dayım Nazim Vəliyev tez qaçıb bel gətirdi”, – Murad Süleymanov bildirib.
Məhkəmə prosesi aprelin 6-da davam edəcək.
Məhkəmədən sonra jurnalistlərə açıqlama verən vəkil Əlibaba Rzayev bildirib ki, meyitin yanmasının videosunun çəkilməsi faktından İlkin Süleymanovun əleyhinə istifadə etməyə cəhd göstərilsə də, bu arqument əsassızdır:
“Əksinə, buna görə adamlara təşəkkür eləmək lazımdır. Onlar vətəndaş kimi borcunu yerinə yetiriblər. Yanğının necə baş verdiyini əyani şəkildə görmək üçün bu vacibdir. Murad Süleymanov polis əməkdaşı olub, anlayıb ki, videomaterial, fakt istintaqa lazım ola bilər. Lazım olsa istintaq istifadə eləsin, lazım olmasa, atsın. Bu adamlar müstəntiq, kriminalist deyil ki, o videodan necə istifadə olunacağını detallarıyla bilsinlər”.
Murad Süleymanov məhkəmədə dindirilərkən bildirmişdi ki, yanğın zamanı hadisə yerində iy yox idi. Vəkil bunun da təsadüfi olmadığını düşünür:
“İstər insan meyiti, istər heyvan cəsədi olsun, yanırsa, iy gəlməlidir. Biz bununla bağlı suallarımızı ekspertə verəcəyik. Çünki meyitin başqa yerdə yandırılıb, sonradan əyninə paltar geyindirilib ora gətirildiyini düşünməyə əsas verən faktlar var. Orada təkrar yandırıldığına görə iy gəlməyib. Bunu düşünməyə əsaslarımız var. Yoxsa 5 dəqiqə 40 saniyə ərzində meyitin o cür kömürləşmə həddində yanması mümkün deyildi. Bunun üçün ən azı, yarım saata qədər vaxt lazım idi. Başqa ciddi arqumentlərimiz də var. Meyitin kürək hissəsi yanıb, amma əynindəki paltar yanmayıb. Meyit arxası üstə atılıbsa, ön hissədən yandırılıbsa, bəs necə olub ki, arxası da ön hissə qədər yanıb? O qədər suallar var ki, istintaq bunların heç birinə cavab verməyib. Belə təqdim eləməyə çalışırlar ki, guya İlkin manyakdı, ona görə öldürüb, yandırıb, çəkir. Halbuki, İlkinin davranışından, verdiyi suallardan da onun məntiqi görünür”.
Müdafiəçi əlavə edib ki, uşaq itkin düşəndən dərhal sonra kəndə giriş-çıxış bağlanmalı, evlərdə axtarış aparılmalıydı:
“Normal məntiq bunu deyir. Polis rəisi iki-üç gün əvvəl deyəndə ki, uşağınız tanınmaz halda tapılsa, siz nəyindən tanıyarsız?”, valideynlər ondan niyə soruşmadı ki, hardan bilirsən tanınmaz halda tapılacağını? Qohumların da bu cür məsələlərin üstünü örtməyə çalışması bizi dəhşətə gətirir. Bizim məqsədimiz təkcə İlkinin təqsirsizliyini ortaya qoymaq yox, cinayəti törədənin də tapılmasıdır”.
İlkin Süleymanovun qardaşı Adil Süleymanov Meydan TV-yə bildirib ki, qırmızı gödəkçə və ayaqqabıların hadisə yerindən yanmamış vəziyyətdə tapılması təsadüf deyil. Onun sözlərinə görə, əgər İlkinin meyiti tanınmaz hala salmaq niyyəti olsaydı, geyimləri ora atmazdı:
“İddia edirlər ki, İlkin meyiti kisədə aparıb. Bəs necə olub ki, ayaqqabı tayı kənara düşüb? İlkin uşağı tanınmaz hala salmaq istəyirdisə, o paltarları ora niyə atırdı? Bunlar sübut edir ki, o meyiti ora gətirib atanların məqsədi “mən Nərminəm” mesajı vermək olub. Ona görə də uşağın paltarlarına uyğun geyimləri də yanına atıblar. Yoxsa bədən kömürləşmiş halda yanıb, amma paltarlar yox, bu, necə ola bilər? Məqsəd meyiti İlkingilin evinin yanına atıb, cinayəti də onun üzərinə qoymaq olub”.
Meydan TV