Qətlə yetirilən Xanım Məmmədovanın ailəsi məhkəməyə etiraz edib

tərəfindən Gozetci

Vəkili təqsirləndirilən polisin hadisə zamanı anlaqsız olduğunu desə də, ekspertiza fərqli rəy verib

Polis olan həyat yoldaşından şikayətinə görə izahat vermək üçün 24-cü polis bölməsinə gedən və orada qətlə yetirilən Xanım Məmmədovanın yaxınları bu ölüm işiylə bağlı məhkəmə prosesindən narazıdır. Ona görə də zərərçəkmiş tərəf martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə baxan Səbuhi Hüseynov, Zeynal Ağayev və Azad Məcidovdan ibarət hakimlər kollegiyasına yazılı şəkildə etiraz verib. Zərərçəkmişin nümayəndəsi bildirib ki, məhkəmənin indiyə qədərki addımları obyektiv, hərtərəfli araşdırmaya, ədalətli hökm çıxarılacağına şübhə yaradır.

Zərərçəkmişin nümayəndəsi vurğulayıb ki, məhkəmədə qaldırdıqları vəsatətlərin heç biri təmin olunmur:

“Daxili İşlər Nazirliyinin cavabdeh kimi göstərilməsi barədə vəsatət verdik, təmin edilmədi. 24-cü polis bölməsinin rəisi Seymur Qarayev məhkəməyə gəlmədi. Onun məcburi gətirilməsi haqda vəsatət verdik, o da təmin olunmadı. Onu gətirib dindirmədilər, istintaqdakı ifadəsini elan etdilər”.

Zərərçəkmiş tərəfin hakimlərə etirazı təmin edilməyib.

Xanım Məmmədovanı qətlə yetirməkdə ittiham olunan həyat yoldaşı İsmayıl Məmmədovun vəkili isə məhkəməyə arayış təqdim edib. Müdafiəçi deyib ki, İsmayıl Məmmədov hadisəni törədəndə anlaqsız vəziyyətdə olub:

“İsmayıl Məmmədov Xanım Məmmədovanı yox, özünü öldürmək istəyib. İsmayıl ikinci atəşdən sonra şok keçirib, barmağı ilişib tətikdə qalıb. O, əvvəldən də Xanım Məmmədovaya yalvarıb ki, polisə gəlməsin, yoxsa özünü öldürəcək. Şahid ifadələrindən də görünür ki, İsmayıl hadisəni törədəndə anlaqsız vəziyyətdə olub”.

Prokuror bildirib ki, ekspertiza hadisə törədilərkən İsmayıl Məmmədovun anlaqlı vəziyyətdə olması barədə rəy verib. Ona görə də şahid ifadələri və ya arayış sübut kimi qəbul oluna bilməz.

Bu iş üzrə məhkəmə prosesi martın 29-da davam edəcək.

İsmayıl Məmmədov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələrilə ittiham olunur.

İttihama əsasən, sentyabrın 29-da Xanım Məmmədova Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, həyat yoldaşının onu döyməsindən şikayətlənib. Bu şikayətlə əlaqədar izahat vermək üçün polis bölməsinə çağırılan Xanım Məmmədova sentyabrın 30-da səhər saatlarında bibisi və iki övladı ilə ora gedib. Həyat yoldaşı İsmayıl Məmmədov da onun bölmədə olduğunu eşidəndə ora gedib. Orada təhqiqatçının otağında bu hadisə baş verib.

İsmayıl Məmmədov məhkəmədə ifadəsində özünü qismən təqsirli bildiyini deyib. O bildirib ki, polis bölməsinə gedəndə Xanım Məmmədovanı öldürmək niyyətində olmayıb:

“Qayınanama zəng eləyib dedim ki, məndən şikayət eləyibsə, qoymayın, işlədiyim ərazidir. Rüsvay olmaq istəmirdim. Bölmənin qarşısına getdim ki, ora gəlsə, qarşısını kəsim, yalvarıb-yaxarım, qoymayım. Fikirləşdim ki, özümü öldürəcəm. Bölmənin rəisi məni çağırıb irad bildirdi. Rəisin yanından çıxdım, yoldaşımdan üzr istəmək istəyirdim. Mənə hamının yanında “şərəfsiz” dedi. Bir də yaxınlaşmaq istəyəndə dedi ki, “get, işinlə məşğul ol”. Qətiləşdirdim ki, uşaqlarımla halallaşıb, bölmədən çıxıb özümü öldürəcəm. Təhqiqatçının otağında bu anda mənə yenə xoşagəlməz ifadələr dedi, dözə bilmədim. Heç özüm də bilmirəm, necə olub ki, o 15 güllənin hamısı atılıb…”

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az