Avropa Məhkəməsi jurnalistin iki şikayətini araşdırmağa başlayıb

tərəfindən Gozetci

Şikayətlər cinayət işi və saytın bloklanması ilə bağlıdır

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) “bastainfo.com” saytının rəhbəri Mustafa Hacıbəylinin iki şikayətini araşdırmağa başlayıb.

Şikayətlər məhkəməyə 2019 və 2020-ci illərdə göndərilib.

Şikayətlər Mustafa Hacıbəyliyə qarşı cinayət işinin açılması, cinayət cəzasının verilməsi və rəhbəri olduğu sayta girişin bloklanması ilə bağlıdır.

Hüquqşünas Xalid Ağəliyev bildirir ki, “Gəncə olayları” sonrasında “günahkar” axtarışı zamanı şübhəlilər arasında media, jurnalistlər də olub.

Bu iş də həmin hadisə ilə bağlıdır:

“Həmin vaxt cinayət işi açıldı, bir neçə sayt bloklandı, bir neçə jurnalistə cinayət cəzaları verildi. Mustafa Hacıbəyli və onun rəhbəri olduğu sayt cəzalandırılanların arasında idi”.

Hüquqşünas əlavə edir ki, indi Avropa Məhkəməsi həmin işdən verilmiş şikayətləri araşdırmağa başlayıb:

“Məhkəmə hökumətdən soruşur ki, sayta və rəhbərinə münasibətdə ədalətli məhkəmə araşdırması, ifadə azadlığı, effektiv hüquqi müdafiə və ayrı-seçkiliyin yolverilməzliyi hüququna müdaxilə baş veribmi? AİHM həmçinin bu müdaxilələrin siyasi məqsədlərlə edilib-edilmədiyini də (18-ci maddə) araşdırır”.

İşin hallarına görə, 2018-ci ilin ortalarında “bastainfo.com” və bir sıra başqa internet saytlarında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına sui-qəsdlə və başqa məzmunlu yazıların yayılmasına görə cinayət işi açılıb.

Ardınca, “bastainfo.com” saytına giriş məhkəmə və ya digər rəsmi qərar olmadan Rabitə Nazirliyi tərəfindən blok edilib.

Ərizəçi üç müxtəlif xüsusat üzrə nazirliyə və Baş Prokurorluğa qarşı şikayətlər verməklə, sayta girişinin bloklanmasını aradan qaldırmağa cəhd edib.

Ancaq ərizəçinin bütün cəhdləri uğursuz olub.

Paralel olaraq, qeyd edilən cinayət işi çərçivəsində ərizəçi iğtişaşlara təhrik, vəzifə səlahiyyətlərindən sui-istifadə cinayət ittihamları üzrə mühakimə olunub və ittihamlar üzrə təqsirli bilinib.

Ona iki ili sınaq müddəti ilə beş il yarımlıq şərti cəza, iki il dövlət vəzifəsi tutmaq qadağası sanksiyası tətbiq edilib.

Yerli məhkəmələr bu qərarı olduğu kimi qüvvədə saxlayıb.

Ərizəçi AİHM qarşısında Konvensiyanın 6, 10, 13, 14 və 18-ci maddələrinin pountusuna məruz qaldığını iddia edir.

AİHM hökumətə ərizəçiyə münasibətdə Konvensiyanın 6, 10, 13, 14-cü maddələrinin pozuntularına yol verilib-verilmədiyini izah etmək üçün suallar göndərib.

AİHM həmçinin, ərizəçinin 6 və 10-cu maddələri ilə birgə götürülməklə, Konvensiyanın 18-ci maddəsi ilə təminat altına alınan hüquqlarına müdaxilənin baş verib-vermədiyini də hökumətdən soruşur.

Ərizəçini AİHM qarşısında vəkil Nemət Kərimli təmsil edir.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az