Keçmiş nazir müavini və hazırkı səfir məhkəmədə dindirildi

tərəfindən Gozetci

Heydər Əliyevin heykəlinə görə xaricə göndərilmiş memarla bağlı qərarı kimlər verib?

Həbsdə olan keçmiş Baş prokuror, Azərbaycanın Rumıniya, Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq səfiri Eldar Həsənovun məhkəməsi davam edir. Dekabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda xarici işlər nazirinin keçmiş müavini, hazırda Belçikada Azərbaycanın səfiri olan Vaqif Sadıqov ifadə verib. O, Eldar Həsənovun səfir olduğu ölkələrdə səfirlik üçün binanın necə alınması haqda danışıb. Çünki Eldar Həsənov həm də səfirlik üçün bina alınması zamanı qiymətlərin şişirdilməsi və nəticədə milyonlarla vəsaitin mənimsənilməsində ittiham olunur.

Vaqif Sadıqov nazir müavini olduğu dövrdə xarici ölkələrdə Azərbaycan səfirliyi üçün binaların alınmasını həyata keçirən komissiyaya sədrlik edib. O, məhkəmədə ifadəsində bildirib ki, sözügedən komissiya Nazirlər Kabinetinin qərarıyla təşkil olunmuşdu:

“Komissiya olaraq, səfirlik üçün təklif edilən binalara baxış keçirirdik, əmlak sahibləri ilə danışıqlar aparırdıq, qiymətlərlə maraqlanırdıq. Bir neçə binaya baxıb, vəziyyətlərini qiymətləndirirdik. 6-7 binadan birini seçib, Xarici İşlər Nazirliyinə təqdim edirdik. Nazirlik də Nazirlər Kabinetinə təqdim edirdi. Nazirlər Kabineti müsbət qərar verəndən sonra Maliyyə Nazirliyi həmin əmlakın alınması üçün pul ayırırdı. Qiymət məsələsini Dövlət Əmlak Komitəsi də araşdırırdı. Binaların satış qiymətinin bazar qiymətlərinə uyğun olub-olmadığını müəyyənləşdirirdi. Qiymətlər real olduğu halda, həmin əmlakın alınmasına razılıq verilirdi. Məsələn, binanın satış qiyməti 3 milyon idisə, Əmlak Komitəsi araşdırma aparırdı, 50-100 min fərq olsa da, razılıq verilirdi. Çünki qiymət fərqi binanın yerləşdiyi ərazidən, vəziyyətindən asılı ola bilərdi. Belqraddakı səfirliyin binası ilə bağlı qiymət tam real idi. Ümumiyyətlə, hansısa binanın alınmasında qiymət şişirdilə bilməzdi”.

Şahid diplomatın sözlərinə görə, Eldar Həsənovun səfir olduğu Serbiyada da səfirlik üçün bina bu qaydada alınıb. O vurğulayıb ki, əmlakı şəxsən sahibilə danışıqlar aparıb alıblar. Əmlak sahibinin dediyi məbləği də akta qeyd ediblər:

“Eldar Həsənov bina seçimində bizə heç bir məsləhət verməyib, bu məsələlərə qarışmayıb. Bizə binalar təklif edilirdi, özümüz baxırdıq, yerinə, vəziyyətinə və qiymətinə uyğun seçim edib, nazirliyə təqdim edirdik. Mən özüm 2001-ci ildə Avstriyada səfir idim, orada da səfirlik üçün bina alındı. Orada da binalara baxıldı, seçildi, nazirliyə, oradan da Nazirlər Kabinetinə təqdim edildi. Bina seçiləndən, pulu ödəniləndən sonra səfirliyə təqdim olunurdu”.

Vaqif Sadıqov istintaqa ifadəsində deyib ki, Eldar Həsənovun səfir olduğu Serbiyada – paytaxt Belqradda səfirlik üçün alınan binanın özündə və həyətində təmirə ehtiyac vardı. Bu məsələyə məhkəmədə aydınlıq gətirən diplomat vurğulayıb ki, ümumiyyəıtlə, səfirlik üçün alınan bütün binaları təmir etdirirlər, təkcə Belqraddakı deyil: “Biz binaları alandan sonra onu təmir etdirib, səfirlik üçün uyğunlaşdırırdıq. Binanın quruluş forması səfirliyə uyğun olmalı idi. Ona görə də binanı alandan sonra bu işlər görülürdü. Bu, qayda idi. Yaşayış binası formasında olan binada səfirlik yerləşdirə bilməzdik”.

Eldar Həsənov həm də mərhum memar Eldar Hüseynovu səfir olduğu ölkələrə aparıb, həm də onun köməyilə yeyintilərdə ittiham olunur. Eldar Həsənov isə bildirir ki, mərhum memarı o yox, hökumət özü göndərmişdi, onun səfirliyə aidiyyəti yox idi. Çünki Eldar Hüseynova diplomatik pasport da verib, humanitar layihələrin (xarici ölkələrdə parkların salınması, heykəllərin qoyulması və s.) icrası üçün göndərmişdilər.

Vaqif Sadıqov da bildirib ki, Eldar Hüseynov Belqrada Prezident Administrasiyasının təsdiqi əsasında, Xarici İşlər Nazirliyi göndərmişdi:

“Onun Eldar Həsənova aidiyyəti yox idi. Eldar Həsənovun kimisə bizə təqdim etməyə, təyin etməyə ixtiyarı yox idi. O, nazirliyə heç bir göstəriş verə bilməzdi ki, kimisə işə götürək, kimisə çıxaraq. Humanitar layihələrdə işlər əvəzsiz görülür və qarşı tərəfə təhvil verilir. Azərbaycan Respublikası hansısa ölkədə humanitar layihə həyata keçirirsə, bu barədə qərarı Maliyyə Nazirliyi verir”.

Dindirmə zamanı məlum olub ki, Eldar Hüseynov Serbiyaya Taşmaydan parkının salınması, orada mərhum prezident Heydər Əliyevin heykəlinin ucaldılmasından ötrü göndərilib. Bu işlərə də səfirlik yox, məhz səlahiyyət verilmiş şəxs kimi mərhum memarın özü cavabdeh olub.

“Eldar Hüseynovu Serbiyaya Eldar Həsənov dəvət edə bilməzdi. O şəxs Prezident Administrasiyası tərəfindən təsdiqlənmişdi. Əgər Administrasiya onu təsdiqləməsəydi, Eldar Həsənov dəvət eləsəydi belə, onu ora buraxmazdılar”, – sabiq nazir müavini bildirib.

Məhkəmədə məlum olub ki, xaricdəı yaşayan başqa bir şahid də dindirməyə dəvət edilib, lakin gəlməyib. Bu da vəkillərin etirazına səbəb olub. Vəkil Cavad Cavadov bildirib ki, beynəlxalq konvensiyaya görə, xaricdən şahid çağırılanda onun yol və qalmaq xərcləri ödənilməlidir:

“Siz həmişə Ədliyyə Nazirliyinə müraciət edirsiniz ki, şahidləri çağırın. Onlar da məsələyə “soyuq” yanaşır, bir məktub göndərməkləı işlərini bitirirlər. Əgər xərclər ödənilsə, şahidlər gələr. Bu addımlar atılmır, şahidlər də gəlmir. Biz bu şəkildə şahidlərin çağırılmasına etiraz edirik. Hesab edirik ki, məhkəmə özü çağırmalı, onların gəlib ifadə verməsində maraqlı olmalıdır. Onların məhkəmədə dindirilməsi bizim üçün vacibdir, veriləcək suallarımız var. Xahiş edirik, xaricdəki şahidlərin iştirakı təmin olunsun”.

Hakim Əfqan Hacıyev bildirib ki, məhkəmə şahidi müvafiq orqanının – Ədliyyə Nazirliyinin beynəlxalq işlər idarəsinin vasitəsilə çağırır: “Məhkəmənin pulu yoxdur ki, onların xərclərini ödəyib gətirək. Bu məsələ Ədliyyə Nazirliyinin səlahiyyətindədir, onlar həll etməlidir. Onlar pul verəcəklər, ya verməyəcəklər – öz işləridir. Biz həm Ədliyyə Nazirliyinə, həm də Xarici İşlər Nazirliyinə məktublar göndərmişik. Onlar da məktubları ora göndərir”.

Saxtalaşdırılmış ifadələr və sənədlər əsasında ona ittiham verildiyini deyən Eldar Həsənov bildirib ki, əleyhinə ifadə vermiş yeganə şəxs Araz Əliyev olub: “101 nəfər arasında bir tək Araz Əliyevdir ki, mənə qafrşı ifadə verib. Müstəntiq də bu məsələni araşdırmayıb. Çünki mən onu səlahiyyət müddəti bitməyə bir il qalmış uzaqlaşdırdım. Düzdür, həbs etdirmədim, amma uzaqlaşdırdım. O da özlüyündə qisas alır. Mənim istər Bakıda, istərsə də Belqradda yaşadığım evlərdə, səfirlikdəki iş otağımda axtarış aparıblar. Bank kartlarımı, tabel silahımı, özümə aid sənədləri götürüblər. Amma heç biri cinayət işinin içində yoxdur”.

Vəkil Cavad Cavadov xaricdəki şahidlərin məhkəmədə iştirakının təmin olunması və Eldar Həsənovun ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıb. Müdafiəçi vurğulayıb ki, Eldar Həsənovun tibbi yardım alması üçün heç bir tədbir görülmür: “Eldar Həsənov, hətta məhkəmədən xahiş etdi ki, onun dərmanlarını azaltmaq üçün hakimlərin özlərinin istədiyi ixtisas həkimi verilsin. Buna da razılaşmadınız. Heç olmasa, onun barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənsin”.

Məhkəmə vəsatətlərin heç birini təmin etməyib. Eldar Həsənov vurğulayıb ki, bu, məhkəmədə təmin olunmayan 67-ci vəsatətdir.

Məhkəmə prosesi dekabrın 27-də davam edəcək.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.

Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

Keçmiş səfir ittihamları qəbul etmir, özünü təqsirli bilmir: “Həbsimin həqiqi səbəbi əslində, guya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım  kimi ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub”.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az