Almaniyadakı mühacirlər bu dəfə partiyaların önündə Azərbaycanla bağlı çağırış etdi

tərəfindən Gozetci

Siyasi sifarişli qətllərə son! Siyasi məhbuslara azadlıq!”

Avropada yaşayan siyasi mühacirlərin yaratdığı Demorkatik Azərbaycanı Seç (DAS) Təşkilatı oktyabrın 28-də Almaniyanın Düsseldorf şəhərində “Siyasi sifarişli qətllərə son! Siyasi məhbuslara azadlıq!” şüarı altında etiraz aksiyasi keçirib.

Aksiya “Rheinische Post” qəzetinin,  Xristian Demokratlar Partiyasının  (CDU)  və Sosial Demokratlar Partiyasının  (SPD)  Düsseldorf şəhərində yerləşən ofislərinin önündə  baş tutub. Aksiya haqqında Meydan TV-yə DAS təşkilatının üzvü Nadir Rzayev  məlumat verib. Onun sözlərinə görə, aksiyanın məqsədi Azərbaycanı diktatura ilə idarə edən, xalqa məxsus olan əmlak və sərvətləri dağıdan ailə hakimiyyətinin əməllərinə etiraz etmək, bu barədə Almaniya ictimaiyyətini məlumatlandırmaqdır:

“Azərbaycanın adı beynəlxalq aləmdə çirkli pulların yuyulması, kürü diplomatiyası ilə bağlı hallanır. Sonuncu belə məlumat bu ayın əvvəlində Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu vasitəsilə yayıldı. Məlum oldu ki, Londonda prezident İlham Əliyevin ailəsinə məxsus 700 milyon dollarlıq əmlak var. Özləri ölkənin var-dövlətini taladıqları halda vətəndaşlara təzyiqləri azaltmırlar”.

Aksiyanın təşkilatçılarından olan Yaqut Xələfova çıxışı zamanı deyib ki, Azərbaycanda siyasi repressiyalar və təqiblər davam edir. O, AXCP üzvü, oktyabrın 8-də 13 il azadlıqdan məhrum edilmiş Niyaməddin Əhmədovun adını çəkib.Aksiyaçı həmçinin qeyd edib ki, 2018-ci ildə baş vermiş Gəncə hadisələrinə görə saxlanılan Cəfər Mürsəl oğlu Zalov Cinayət Məcəlləsinin bir neçə bəndi ilə ittiham olunub və 18 il həbs cəzası alıb.Yaqut Xələfova onu da deyib ki, daxili işlər nazirini tənqid etdiyinə görə ictimai fəal Bəxtiyar Hacıyev polis tərəfindən təhdid olunub. Nəticədə o, Prezident Administrasiyasının qarşısında intihara cəhd edib.

Elmir Qənbərov

Aksiyanın digər təşkilatçısı Elmir Qənbərov da Əliyevlər ailəsinə məxsus 700 milyon dollarlıq əmlakın aşkarlanmasından, həmin mülklərin ölkə sərvətinin talanması hesabına əldə olunmasından danışıb. O, Azərbaycanda siyasi fəallığı olan şəxslərlə yanaşı, dini inanclı insanların da təzyiqlərə məruz qaldığını deyib. Buna misal kimi bir neçə gün əvvəl həbs olunmuş ilahiyyatçı Sərdar Babayevin və Səbuhi Səlimovun həbsini göstərib. Hər iki şəxs Cinayət Məcəlləsinin 274-cü maddəsi (vətənə xəyanət) ilə şübhəli bilinərək, həbs edilib.

Elmir Qənbərov Almaniyada siyasi mühacir həyatı yaşamış və sığınacaq istəyi Miqrasiya İdarəsi və məhkəmələr tərəfindən rədd edilmiş fəalların deportasiya olunduqdan sonra üzləşdikləri problemlərdən də danışıb. Fəallar Mütəllim Orucov və Malik Rzayevin deportasiya olunduqdan sonra həbs edildiyini  deyən aksiya təşkilatçısı onların saxlanmasını siyasi sifariş adlandırıb. Həmçinin vurğulayıb ki, deportasiya olunmuş adamlar ölkəyə qayıdarkən DTX tərəfindən dindirilir, təzyiqlə üzləşirlər.

Azərbaycanda baş verənləri Almaniya ictimaiyyətinə çatdırmağa çalışan aksiyaçılar təzyiq və həbslərə son qoyulması ilə bağlı tələblərini səsləndiriblər.

Bu, ilk belə aksiya deyil. Avropada yaşayan mühacirlər vaxtaşırı siyasi məhbuslara azadlıq və repressiyaara son tələbi ilə müxtəlif qurumlar önündə aksiyalar təşkil edirlər.

Nadir Rzayev

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az