İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatının (OMCT) və Beynəlxalq İnsan Hüquqları Federasiyasının (FIDH) birgə proqramı olan Hüquq Müdafiəçilərini Müdafiə Observatoriyası (OPHRD) fəal Elçin Məmmədin cəzasının yumşaldılmasından imtina ilə əlaqədar Azərbaycan hakimiyyətinə müraciət hazırlayıb.
9 oktyabr 2021-ci il tarixində Suraxanı rayon məhkəməsi Elçin Məmmədin qalan həbs cəzasının şərti cəza və ya azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər alternativ cəza ilə əvəz edilməsi xahişi ilə verdiyi müraciəti təmin etməyib.
“Məhkəmə Elçin Məmmədin həbsdə saxlanıldığı müddət ərzində penitensiar qaydaların hər hansı pozuntusuna yol verməməsinə baxmayaraq, irəli sürülmüş ittihamlarla özünü təqsirli bilmədiyini bildirib. Təcili addımlar atılmasına dair bu çağırış dərc edilərkən Elçin Məmməd Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində həbsdə qalmaqdadır, burada adekvat tibbi yardım olmadığına görə onun səhhəti kəskin şəkildə pisləşib”, deyə müraciətdə bildirilir.
Müraciət müəllifləri Məmmədin internetdə Azərbaycanda insan hüquqları sahəsində vəziyyət haqqında tənqidi hesabat dərc etdikdən bir neçə gün saxlanıldığını qeyd ediblər. Polis onun ofisində 7500 manat (təxminən 4070 avro) dəyərində oğurlanmış zinət əşyaları və döyüş sursatları aşkar edildiyini iddia edib. 14 oktyabr 2020-ci il tarixində Sumqayıt şəhər məhkəməsinin Məmmədi dörd il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etdiyi şərait hüquq müdafiəçisinin ədalətli məhkəmə təhqiqatı hüququndan məhrum olduğunu düşünməyə əsas verir. “Məhkəmədə təqdim edilə dəlillər etibarlı deyildi və Məmmədin həbsinə gətirib çıxarmamalı idi, eyni zamanda, görünür, ibtidai istintaq mərhələsi də dəlillərin saxtalaşdırılması ilə müşaiyət olunub”, deyə müraciətdə qeyd edilir.
OPHRD Məmmədin səhhəti ilə bağlı hədsiz narahatlığını bildirir və Azərbaycan hakimiyyətini israrla onu dərhal və qeyd-şərtsiz azad etməyə və adekvat tibbi yardımdan faydalanmasına imkan verməyə çağırır. Təşkilat Məmmədin işini “Azərbaycanda ciddi və geniş yayılmış sui-istifadələrin və hüquq müdafiəçilərinin qorxudulmasının rəmzi” adlandırıb.
Müraciət Azərbaycan prezidentinə, baş prokuroruna, XİN başçısına və ədliyyə nazirinə, həmçinin ölkənin BMT-nin Cenevrə Ofisi yanındakı missiyasının rəhbərinə ünvanlanıb.
Məmmədin vəkili Fariz Namazlı Turan-a bildirib ki, məhkəmənin cəzanın yumşaldılmasından imtina qərarından apellyasiya şikayəti veriləcək.
Xatırladaq ki, 17 oktyarb 2020-ci il tarixində Sumqayıt şəhər məhkəməsi “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” QHT-nin rəhbəri və “Yüksəliş naminə” saytının redaktoru Elçin Məmmədi “oğurluqda” və “qanunsuz silah və döyüş sursatları saxlamaqda” təqsirli bilərək 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Hüquq müdafiəçisi 2020-ci ilin martında həbs edilib. Ondan hüquqi yardım göstərdiyi qadın şikayət edib. Bundan əvvəl həmin qadın criminal.az saytının redaktoru Anar Məmmədovdan da şikayət etmişdi.
Məmməd cinayət işini hüquq müdafiə fəaliyyəti ilə əlaqələndirir. Amnesty İnternational, PEN, FİACAT və digər beynəlxalq təşkilatlar Məmmədin həbsini pisləyiblər. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.
Turan