Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədov 13 il azadlıqdan məhrum edildi. Bu barədə oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm çıxarılıb.
Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyasının hökmünə əsasən, Əhmədov CM-in 214-1 (terroru maliyyələşdirmə), 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələri ilə təqsirli bilinib.
Niyaməddin Əhmədov özü məhkəmədə iştirak etməyib. O, videokonfrans vasitəsilə prosesə qoşularaq son sözündə günahsız olduğunu bildirib.
Məhkəmədən öncə cəbhəçilərin saxlandığı deyilir
Bu gün, oktyabrın 8-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir neçə fəalının saxlandığı bildirilir.
Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat verib. Onun sözlərinə görə, həbsdə olan partiya üzvü Niyaməddin Əhmədovun oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə iclası olmalıdır. Onun vurğulamasına görə, prosesdə iştirak etmək istəyən AXCP üzvlərindən saxlananlar var: “Polis əməkdaşları sakit dayanan altı partiya fəalını saxlayıb apardılar. Hazırda məhkəmə binasının önündə çoxsaylı polis əməkdaşları var”.
Daxili İşlər Nazirliyindən isə “Turan”a bildirilib ki, məhkəmənin qarşısında saxlanan yoxdur.
Xatırlatma
AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olduğu söylənən Niyaməddin Əhmədov ötən il həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə ittiham irəli sürülüb. O, Almaniyada sığınacaq almış Qabil Məmmədovla əlaqədə ittiham olunur. Həm AXCP, həm də Məmmədov ittihamı rədd ediblər. Prokuror bundan əvvəlki məhkəmə iclasında ona 15 il həbs cəzası verilməsini istəyib.
AzadlıqRadiosu