AXCP: Mingəçevirdə partiya üzvü saxlanılıb

tərəfindən Gozetci

Bəxtiyar Yusubov və Ceyhun Rzayev

Gəncədə partiya üzvünün DTX-ya çağırıldığı bildirilir

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bölgələrdəki üzvlərinin təzyiqlərlə üzləşdiyini açıqlayıb. Partiyadan Meydan TV-yə bildirilib ki, AXCP Mingəçevir şöbəsinin üzvü Ceyhun Rzayev şəhər polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bir neçə gündür ki, AXCP üzvləri həbsdə olan partiya fəalları Zamin Salayev və Niyaməddin Əhmədovun şəkillərini əllərində tutaraq, fotolar çəkdirib, sosial şəbəkələrdə yayırlar. Partiyadan verilən məlumata görə, Zamin Salayev və Niyaməddin Əhmədov işgəncəyə, qanunsuz həbsdə saxlanmalarına etiraz olaraq, aclıq aksiyası keçirir.

Zamin Salayev özü də məhkəməsində bildirib ki, 17 saylı cəzaçəkmə müəssisəsində məruz qaldığı işgəncələrə, şəxsən müəssisənin rəisi tərəfindən dəfələrlə döyülməsinə etiraz olaraq, aclığa başlayıb.

Mingəçevirdə Ceyhun Rzayevin saxlanmasının da bu foto kampaniyasıyla əlaqəli olduğu bildirilir. İddiaya görə, o, hər iki cəbhəçinin şəklini icra başçısının maşınının üstünə yapışdırıb.

AXCP-nin daha bir fəalı – partiyanın Gəncə şəhər şöbəsinin üzvü Bəxtiyar Yusubov isə DTX-nın yerli idarəsinə çağırılıb. Bu barədə məlumat verən cəbhəçi fəalın sözlərinə görə, o, bir neçə gün öncə Niyaməddin Əhmədovun şəklini əlində tutaraq, DTX-nın Gəncə Şəhər İdarəsinin qarşısında foto çəkdirib.

Bəxtiyar Yusubov deyir ki, idarəyə məhz bu səbəbdən çağırıldığını ona açıq şəkildə deyiblər.

“Mən təkcə orada yox, icra hakimiyyətinin qarşısında, Xan bağında və başqa yerlərdə də eyni cür fotolar çəkdirmişəm. Zəng edən şəxsə də dedim. Amma yenə də idarəyə gəlməyimi israr etdi”, – Bəxtiyar Yusubov bildirib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi aclıq aksiyası barədə deyilənləri təkzib edib. Penitensiar müəssisələrdə saxlanılan şəxslərin aclıq etmədiyi bildirilib.

Niyaməddin Əhmədovun vəkili Zibeydə Sadıqova müvəkkili ilə görüşmək üçün onun saxlandığı 3 saylı İxtisaslaşmış Müalicə Müəssisəsinə getsə də, müdafiəçinin görüşünə icazə verilməyib.

AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədov 2020-ci ilin aprelindən həbsdədir. Öncə ona karantin rejimini pozma ittihamıyla 1 aylıq inzibati həbs cəzası verilib. Bu cəza bitdiyi gün barəsində Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə cinayət işi başlanıb. O, Almaniyada sığınacaq almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini tənqid, bəzən də təhqir edən Qabil Məmmədovla əlaqədə ittiham olunur. İddia edilir ki, Qabil Məmmədov Azərbaycanda terror törətmək istəyir, bu məqsədlə həmkəndlisi olan Niyaməddin Əhmədova pul göndərib.

Niyaməddin Əhmədov isə ittihamı rədd edir, Əli Kərimlinin mühafizəçisi olduğuna görə cəzalandırıldığını deyir.

Zamin Salayev isə 2020-ci ilin aprelindən həbsdədir. O, 2020-ci il aprelin 20-də Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə 2 il 3 ay azadlıqdan məhrum edilib.

Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılab cəbhəçi fəal həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi Həmzə Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edirdi.

Video yayılandan sonra Zamin Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bəyan etmişdi. İnzibati həbsdən sonra səhhətindəki problemlərlə əlaqədar əməliyyat olunmuşdu.

Daha sonra Həmzə Əzizov ona qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıraraq, həbsini tələb etmişdi.

Videoda haqqında bəhs olunan qadın Həmzə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il azadlıqdan məhrum edilib. O, qarşı tərəfin ona qarşı zorakı hərəkətlərindən müdafiə olunmaq üçün onu vurduğunu bildirib. Polis əməkdaşı isə haqqında deyilənləri təkzib edib.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az