Xalq Cəbhəsi Partiyası sədrinin mühafizəçisi nədə günahlandırıldığını bilmir

tərəfindən Gozetci

Niyaməddin Əhmədov

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi şahidlərin dindirilməsilə başa çatıb. Bundan sonra sənədlərin tədqiqi mərhələsinə başlanılacaq.

Vəkil Zibeydə Sadıqovanın Turan-a verdiyi məlumata görə, məhkəmə prosesində bir neçə vəsatət qaldırılıb: “Mən dörd vəsatət vermişəm. Birinci vəsatət bizim işimizdə əsas adı çəkilən Qabil Məmmədov və onun həyat yoldaşının Skype ilə məhkəmədə dindirilməsinin təşkil edilməsi idi. Xahiş eləmişdim həmin vəsatət təmin olunsun. Çünki Niyaməddin Əhmədov əsasən onlarla birlikdə günahlandırılır. İkinci vəsatət Niyaməddin Əhmədov inzibati həbs olunanlarla saxlanıldıqda orada xeyli qanun pozuntusunun olması ilə bağlıdır. O vaxt həmin idarəyə müraciət eləmişdim ki, sənədləri, videogörüntüləri təqdim eləsinlər. Lakin onlar bundan imtina etmişdilər. Onlar dedilər ki, İstintaq İdarəsindən istəyin. Ona görə də mən məhkəməyə müraciət elədim ki, məhkəmə sorğusu ilə həmin sənədləri tələb etsin. Mən sübut edə bilim ki, Niyaməddin Əhmədova qarşı doğrudan da qanunsuzluğa yol verilib. Digər vəsatətim o idi ki, bizim iş materiallarında Niyaməddin Əhmədovla bağlı Ədliyyə Nazirliyinin məktubu var. Məktubda yalnız çıxarış əlavə olunub. Lakin məktubun özü və ona aid sənədlər iş materillarında yoxdur. Məhkəmədən xahiş etmişdim ki, həmin sənədləri Ədliyyə Nazirliyindən istəsin. Çünki onlar mənə məktubun mətnini verməkdən imtina etmişdilər. Digər bir vəsatət də o idi ki, ittihamın mahiyyəti Niyaməddin Əhmədova izah edilsin, çünki istintaq dövründə də, məhkəmə prosesində də dəfələrlə deyib ki, nədə günahlandırıldığını bilmir. Yəni, onun heç bir günahı yoxdur, amma onu ağır maddələrlə ittham edirlər. Əsas da vəsatətimiz ondan ibarət idi ki, Niyaməddin Əhmədova izah edilsin ki, o nədə günahlandırılır”.

Vəkil deyir ki, Niyaməddin Əhmədova ailəsi üzvləri ilə bu günə qədər də telefon danışığına icazə verilmir: “Ailəsi ilə cəmi üç dəfə görüşə icazə verilib.Telefon danışığına isə bu günə qədər icazə verilmir. Mən məhkəməyə üç dəfə müraciət etmişəm ki, telefon ilə danışmaq imkanı təmin olunsun. Üç dəfə məhkəmə mahiyyəti üzrə baxmaqdan imtina edib. Apellyasiya Məhkəməsi də onu qüvvədə saxlayıb”.

Növbəti məhkəmə prosesi iyulun 16-da davam edəcək. İttiham sübut edilərsə Əhmədovu 10 ildən 14 ilədək həbs gözləyir.

Aprelin 16-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədov Xətai Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin qaydalarını pozma) və 535-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri üzrə inzibati qaydada 30 sutka müddətinə həbs olunub.

Azərbaycan Xalq Cəbhəsi Partiyası aprelin 28-də bu partiyanın sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun işgəncəyə məruz qaldığını bildirib.

Partiyanın məlumatına görə, aprelin 16-da inzibati qaydada həbs olunan Əhmədov aprelin 28-də səhər saat 11 radələrində saxlanıldığı Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanma məntəqəsindən başına torba salınaraq naməlum ünvana aparılıb.

“Niyaməddin Əhmədov özü yaxınlarına məlumat ötürüb ki, onu harasa aparıb təhqir ediblər, işgəncə veriblər. Ondan tələb olunub ki, Əli Kərimlidən pul aldığı haqda ifadə versin. Təxminən saat 23:00-da istədiklərinə nail olmadıqlarını görüb onu saxlanma məntəqəsinə qaytarıblar. Hazırda təkadamlıq kamerada saxlanılır”, – Azərbaycan Xalq Cəbhəsi Partiyasının aprelin 29-da yaydığı məlumatda deyilir.

Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bu məlumatı təkzib edib, onu “uydurma xarakterli” adlandırıb.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az